Bakı 3˚C Cloudy

Ermənilərlə nə baş verir: ikisi yaralandı, biri öldü...

Siyasət 14:30 10 okt, 2021

ikisi yaralandı, biri öldü...

Ermənilərlə nə baş verir: ikisi yaralandı, biri öldü...

Bu gün erməni əsgər və “əhali” ilə baş verənlər təəccüb doğurmaya bilmir.

Qazet.az Axar.az-a istinadən xəbər verir ki, günün birinci yarısında erməni mediası rəsmi qurumlara istinadla Dilican əyalətinin (Tavuş) Çinari (Şəmsəddin/Berd rayonuna aiddir) kəndi ərazisində bir nəfərin minaya düşdüyünü yazıb.

Minanın partlaması nəticəsində yaralanan şəxsin vəziyyəti, hara yerləşdirilməsi və şəxsiyyəti barədə dəqiq informasiya isə verilməyib.

Daha bir məlumat bu gün erməni əsgərin yaralanması ilə bağlıdır: İlk məlumatı “Hraparak” yayır və Arazdəyəndə bir əsgərin yaralandığını və Vedidə (Ararat) xəstəxanaya yerləşdirildiyini bildirir. Bir müddətdən sonra isə Ermənistan MN saat 12:50 radələrində muzdlu əsgər Misak Vardanoviç Xaçatryanın “düşmən atəşi” nəticəsində yaralandığını “təsdiqləyir”. Onun həyatı üçün heç bir təhlükənin olmadığı da qeyd edilir.

Ermənilərin başına daha bir hadisə bu dəfə Azərbaycanın sərhədləri daxilində “gəlib”. Keçmiş Ağdərə rayonunun “dinc sakini” olduğu bildirilən 55 yaşlı Aram Tepnantsın “nar bağında” işləyərkən snayper atəşi nəticəsində yerindəcə öldüyü iddia edilib.

Olduqca qəribə situasiyadır: Tovuz-Qazaxla sərhəddə kimsə minaya düşür, keçmiş Ağdərə rayonunda mülki şəxs öldürülür, Naxçıvanla sərhəddə erməni əsgər yaralanır. Məsafənin uzunluğu maraq doğurmaya bilməz.

Bunun ikisini Azərbaycan Ordusunun üstünə yıxmaq “mümkündür”, ancaq mina məsələsi qəlizdir. Ona görə nə şəxsin adını, kimliyini yazırlar, nə də başvermə səbəbini. Çünki minanı Ermənistan ərazisinə dəqiq Azərbaycan Ordusu döşəməyib. Hər yerə qorxudan mina basdırmaq erməni ordusunun şakəridir və bütün bölgəni, hətta Ermənistan ərazilərini də minalayıblar, indi də özləri o minaya düşür.

Buna baxmayaraq, digər iki şəxsin güllə yarasından ölməsi diqqət çəkir. Ermənistan isə ümumiyyətlə əsgərin yaralanması məsələsində Azərbaycan Ordusunu ittihamlamağı davam etdirmir, yalnız keçmiş Ağdərə sakini ilə bağlı böyük hay-küy başladılıb.

Real ehtimal odur ki, Arazdəyəndə erməni əsgərlər arasında növbəti qarşıdurma yaşanıb və bu zaman ən azı bir əsgər yaralanıb.

Keçmiş Ağdərə istiqamətində də hər hansı insident olsaydı, rus sülhməramlıları müdaxilə edərdilər və ən azı araşdırmanı da onlar aparardılar.

İndiyə qədər erməni mediasının yaydığı informasiyalarda hadisə yerinə rus sülhməramlılarının gəldiyinə aid bircə söz deyil, hərf belə yoxdur. Yalnız “rus sülhməramlılarına informasiya verilib” deyə açıqlama yayılır.

Niyə rus sülhməramlılarına “informasiya” verilir? Ərazidə erməni əhalisinin təhlükəsizliyinə rus sülhməramlıları cavabdehdir. Rus sülhməramlıları ora ona görə yerləşməyib ki, onun “məsuliyyət zonasında” erməni separatçıları fəaliyyət göstərsin, erməni qanunsuz silahlı birləşmələri otursun və kefləri istəyəndə də Azərbaycan əsgərlərini atəşə tutsun, erməni “polisi” araşdırma-zad aparsın...

Kimdir bu nar bağında işləyən “traktorçu”? Konkret hansı ərazidə, dəqiq harada snayper gülləsinə tuş gəlib? Keçmiş Ağdərə rayonu kifayət qədər böyük ərazidir. Hansı kəndi və hansı istiqamətində? Hadisə yerinə niyə rus sülhməramlıları çağırılmayıb ki, onlar azərbaycanlı komandirlərlə təmasa keçib, araşdırma aparsın?! Hadisə yerinə rus sülhməramlısı gəlməyibsə, oyun oynanılmasına necə şübhə etməmək olar? “Araşdırmanı” niyə sülhməramlılar aparmamalıdır? Onlar “iz itiriləndən” sonramı prosesə cəlb ediləcəklər?

Suallar həddən artıq çox və açıqdır. Bütün suallar isə ermənilərin çox ciddi hərbi qeyri-stabillikdə, xaos içində olduğunu, bu xaosdan doğan fəsadları ört-basdır etmək üçün “düşməndən” istifadə edildiyini göstərir...