Bakı 5˚C Showers

Ermənistan “Moskva” kreyseri kimi batır – Bakının 5 bəndi tezliklə reallaşmasa…

Siyasət 11:48 21 apr, 2022

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya səfəri başa çatdı

Ermənistan “Moskva” kreyseri kimi batır – Bakının 5 bəndi tezliklə reallaşmasa…

Kapitulyant ölkənin qurtuluşunun tək çarəsi Azərbaycan və Türkiyənin atdığı “xilas kəməri”ni təcili götürməkdir…
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya səfəri başa çatdı. Səfər çərçivəsində iqtisadi-ticari xarakterli bir sıra sənədlər imzalandı, birgə bəyanat qəbul edildi. Bölgədə kommunikasiyaların açılmasının zəruriliyi bir daha vurğulandı. Həmçinin yeni mürəkkəb dönəmdə Moskva və İrəvanın birgə hərəkət eləməsinin vacibliyinə diqqət yönəldildi.

Əlbəttə ki, Azərbaycan üçün səfərin əhəmiyyəti ilk növbədə İrəvanın Bakı ilə sülh müqaviləsini imzalamaq yönündə nə dərəcədə praktik addımlar atacağı, üçtərəfli sənələrlə öz üzərinə götürdüyü öhdəliklərin hamısını yerinə yetirib-yetirməməsi ilə ölçüləcək. Rusiya bundan ötrü öz satellitinə təzyiq edəcəkmi, onu tələsdirəcəkmi? Moskvada bağlı qapılar arxasında Putin Paşinyana nə deyib? Tezliklə görəcəyik.

Hələliksə bu yöndə erməni tərəfinin quru bəyanatları və “xoş məramı”ndan savayı heç nə gözə dəymir. Halbuki kapitulyant ölkədə “müharibə partiyası”nın təzədən ayaqlandığı dövrdə Paşinyan və komandasından böyük sülhlə bağlı, qeyri-ordinar, prinsipial və sərt qərarlar vermək tələb olunur. Çünki zaman sürətlə daralır, itirilmiş hər qiymətli ay isə yüzdə yüz ən əvvəl erməni xalqının “kisəsi”ndən gedir. Nəyin bahasına olur-olsun, Nikol Paşinyanı devirməyə çalışan radikal-revanşist qüvvələrin mövcud qeyri-müəyyənlikdən yararlanmaq yönündə getdikcə artan şansı da öz yerində.

*****

Bu arada Ermənistanda həm hakimiyyət, həm də Azərbaycan və Türkiyə əleyhinə təxribatçı çağırışlar artıb. Qalmaqallı sabiq xarici işlər naziri Ara Eyvazyan da xortlayıb. Yerli mediaya müsahibəsində o da az aləmində “Ermənistanın və ”artsax”ın xilası” ilə bağlı “müdrik” təkliflərini verib. Məsələn, deyib ki, Azərbaycanla sülh yalnız “qalib və məğlub” bölgüsü olmadan mümkündür. Paşinyanın istefası tərəfdarı olduğunu gizlətməyən Ayvazyan ardınca iddia edib ki, Nikoldan sonra nə qədər çətin də olsa, “böhranlı situasiyanı siyasi-diplomatik yolla düzəltmək mümkündür”. Necə? Bax, bunu o açıqlamayıb.

Paşinyan Putinlə bir sıra məsələlərdə razılıq əldə olunduğunu bildirib

Yəni yenə Ermənistanı köhnə “miatsum” əyyamına qaytarmaq cəhdi, bədbəxt erməni xalqını çaşdırmağa yönəlik köhnə nağıllar, bayatılar. O nağıllar ki, erməni xalqını hazırkı böhran durumuna və faktiki fəlakətin bir addımlığına gətirib.

“Qalib və məğlub” bölgüsü aparılmadan sülh modelinə gəlincə, bu sarsaq erməni diplomatından soruşmaq pis olmaz: məgər Ermənistan işğal dövründə Azərbaycanla “nə qalib, nə məğlub” prinsipdən çıxış edərək danışıqlar aparırdı? Qalib ədası ilə bizə qarşı maksimalist, fantastik tələblər irəli sürən indi yazıq duruma düşmüş Ermənistan deyildi? Yaxud Bakının uzun on illər beynəlxalq hüquqa söykənən “Sülh əvəzinə torpaq” ədalətli təklifinə “Torpaq əvəzinə torpaq” deyib duran, yəni ərazimizdə ikinci erməni “dövləti”nin yaradılmasını tələb edən İrəvan deyildi?

*****

Maksimalist iddiaların yekunu ortada. Artıq Azərbaycan qalibdir, öz ərazi bütövlüyünü bərpa edib, ədalət təmin olunub. Lakin Bakı İrəvandan fərqli olaraq özünü qalib kimi aparmır, kapitulyant Ermənistanla olduqca insaflı davranır. Sülh müqaviləsi üçün irəli sürdüyü 5 bənddən ibarət təklif də əsla qalib mövqeyindən tərtib edilməyib, sırf beynəlxalq hüquq normalarının diktəsi ilə hazırlanıb. 2-ci Qarabağ müharibəsinədək də Azərbaycan eyni mövqedən çıxış edib.

Həmin 5 bəndi bir də yada salmağın yeri var:

Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

*****

Azərbaycanla sülh müqaviləsi olmasa, Ermənistan olmayacaq

Bu bəndlərin hansı birində Azərbaycan qalib, Ermənistan məğlub obrazında təqdim edilir? Heç birində! Çünki biz lovğa, özündən razı və naşükür, daim başından yekə iddialarla yaşayan, çörəyi dizi üstündə olan erməni deyilik. Odur ki, Ermənistanın burcutmağa yeri yoxdur, ola bilməz. Ya o, 5 müddəa əsasında sülh müqaviləsi imzalayacaq, ya da Ermənistan adlı simvolik dövlətin dünyanın siyasi xəritəsindən silinməsi reallığa çevriləcək.

Seçim özlərinindir. Bakı və Ankara da İrəvana uzun müddət “xilas kəməri” atası deyil. Ümid edək ki, erməni xalqı bu dəfə siyasi avantüristlərin və şarlatanların dalınca getməyəcək. Ehtiyatlı nikbinliklə bunu da vurğulayaq: radikal-revanşist müxalifətin son İrəvan aksiyalarına çox az sayda etirazçının qatılması bir daha göstərir ki, 44 günlük müharibədə ağır zərbə və dərs alan erməni toplumunu köhnə dağıdıcı ssenarilərə cəlb eləmək asan olmayacaq. Ara Ayvazyan gəlmir, lap erməni katolikosu gəlsin.

Ümumiyyətlə, Ermənistan başında kimin durmasından asılı olmayaraq tələsməlidir. Daha bir səbəbə. Məsələ ondadır ki, misli görünməmiş beynəlxalq sanksiyalarla üzləşən Rusiyaya ən güclü şəkildə bağlı olan, ondan asılı duruma düşən iki ölkə varsa, biri məhz Ermənistandır. Rusiya isə yavaş-yavaş da olsa, dərin iqtisadi kollapsa doğru gedir – özü ilə bərabər Ermənistanı da dartıb aparmaqla.

Kapitulyant ölkə üçün belə aqibətdən qurtuluşun tək çarəsi qonşu Azərbaycan və Türkiyə ilə əlaqələri təcili şəkildə qaydaya salıb, Moskvadan asılılığı azaltmaqdır. Bir azdan gec olacaq…

*****

“Rusiya ”Moskva” kreyseri kimi batacaq və arxasınca İrəvanı da suyun dibinə çəkib aparacaq”.

Bunu erməni siyasi şərhçi Ambartsum Kabanyan deyib.

Onun sözlərinə görə, hadisələrin bu cür cərəyan etməsi Rusiya iqtisadiyyatının bu ilin sonuna qədər tam olaraq çökəcəyindən xəbər verir. “Bu, Rusiyanı diz çökdürəcək, ölkə bu zərbədən çətin ki, ayağa qalxa bilsin. Rusiya ”Moskva” kreyseri kimi batacaq və arxasınca İrəvanı da suyun dibinə çəkib aparacaq. Çünki bizim iqtisadiyyatımız tam olaraq Rusiyadan asılıdır. 30% ixracımız, 41% xarici transferlərimiz Rusiyanın payına düşür. Bu o deməkdir ki, biz artıq yeni reallıqda yaşayırıq. Nə qədər bunu demək çətin olsa da, Ermənistan Respublikası ən çətin dövrünü yaşayır. Biz bata bilərik…” – deyə erməni ekspert təlaş içində xəbərdarlıq edib.

Necə deyərlər, burada əlavə şərhə lüzum qalmır…

(“Yeni Müsavat”)