"Ermənistan qeyri-qanuni fəaliyyətlərin davam etməsində maraqlıdır"
Laçın yolunda etirazlarla əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) 2023-cü il 3 yanvar tarixli növbəti bəyanatı tamamilə əsassızdır və beynəlxalq tərəfdaşlar arasında məsələ ilə bağlı çaşqınlıq yaratmaq və vəziyyəti süni gərginləşdirmək məqsədi daşıyır.
Qazet.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin sözügedən bəyanata dair şərhində qeyd edilib.
“Ermənistanın ərazilərimizin 30 il işğalı dövründə təbii sərvətlərimizin talanması faktına qarşı Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin etirazları ilə əlaqədar Ermənistan XİN-in təhrif dolu bəyanat verməsi təəccüblü deyil. Görünür ki, Ermənistan tərəfi hələ də Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərin davam etməsində maraqlıdır”, - deyə şərhdə bildirilib.