“Ermənistan sülhün vacibliyini çox yaxşı başa düşüb” - Tolqa Özgenç, Anadolu Agentliyi
"Ermənistan öz iddialarından əl çəksə həm Azərbaycan həm də Türkiyə onlarla münasibətləri normallaşdırmağa hazırdır"
Bu gün 29 oktyabr tarixi Türkiyə üçün xüsusi günlərdən biridir. 29 oktyabr Türkiyədə “Cumhuriyyət Gün”ü kimi qeyd olunur.
Qazet.az olaraq biz də bu gün Azərbaycan və Türkiyə münasibətlərini son bir ilin fonunda dəyərləndirdik. Bu mötəbər gündə İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi dəstəyi bir daha gözdən keçirdik.
Artıq uzun müddətdir ki, müharibə sonlanıb və işğaldan azad edilən torpaqlarda bərpa işləri son sürətlə davam etdirilir. Bu prosesdə Azərbaycana isə ən yaxın dəstəyi məhz Türkiyə verir. Verilən dəstəklər həm siyasi həm də birgə inşaat işlərində özünü göstərir. Türkiyənin Anadolu Agentliyi Bakı bürosunun müdiri Tolqa Özgenç bu mövzularla bağlı Qazet.az-ın suallarını cavablayıb. Onun fikrincə hazırda Qarabağda əsas infrastruktur işləri görülməkdədir, bunlara nümunə olaraq magistral yollar, havalimanı, dəmir yollarını nümunə göstərmək olar. İnşaat işlərində isə Türkiyə şirkətləri ən yaxşılardandır.
“İşğal altındakı torpaqların azad edilməsindən sonra Azərbaycanın dövlət başçısı İlham Əliyev də azad edilən ərazilərin tezliklə bərpa edilməsinin və infrastrukturunun qurulmasının vacibliyinə toxunmuşdu. Prezident İlham Əliyev də bütün işlərin Türkiyə ilə birlikdə görüləcəyini demişdi. Əsasən hazırda infrastruktur işləri görülməkdədir, bunlara nümunə olaraq magistral yollar, havalimanı, dəmir yollarını misal çəkmək olar. Bu tip işlərdə isə Türk şirkətləri ən yaxşılardandır. Türkiyə dünyada inşaat sahəsində ilk 3 pillədə qərarlaşır".
Zaman-zaman böyük dövlətlər də bu sahədə Türkiyənin köməyindən istifadə edib".
Nümunə çəksək, Rusiya Federasiyasında keçirilən Soçi Qış Olimpiya oyunlarından öncə yarım qalan işlərin sürətləndirilməsi lazım idi. Bu zaman Putinə də bu tip keyfiyyətli işləri ən surətli şəkildə ancaq türklər edə bilər deyilmişdi. Bu səbəbdən hələ o zamanlar Rusiya türk şirkətlərindən kömək istəmişdi. Yəni burada işğaldan qurtarılan torpaqlarda aparılan rehabilitasiya fəaliyətlərinin türk şirkətlərinə verilməsi onların bu günə qədər etdiyi işlərinə nəzər saldıqda olduqca adekvat addım qarşımıza çıxır. Həm də Türkiyənin 44 gündə Azərbaycana verdiyi dəstəklə yanaşı son illərdə verilən siyasi dəstək də bu fəaliyyətlərin birgə aparılmasına təkan verib” - deyə Tolqa Özgenç bildirib.
Hazırda gündəmdə olan əsas məsələlərdən biri də sülh sazişinə keçid prosesidir. Azərbaycan rəsmilərindən də dəfələrlə bu tip bəyanatlar səsləndirilib. Türkiyə bu mövzuda da regiona tövhə vermək niyətindədir. Tolqa Özgenç açıqlamasında bildirib ki, bu barədə həm Azərbaycan həm də Türkiyə dövlət başçıları dəfələrlə çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyev də məhz Tolqa Özgençə verdiyi müsahibəsi zamanı bildirmişdi ki, əgər Ermənistan öz iddialarından əl çəkərsə, həm Türkiyə, həm də Azərbaycan münasibətləri normallaşdırmağa hazırdır.
“Təxminən bir il öncə Ermənistanın məğlubiyyəti qəbul etməsinin ardınca, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları bir bəyanat imzaladı. Bu bəyanatın sonrakı hissəsində isə sülh sazişinin imzalanması var idi. Bu günə qədər keçən il ərzində Ermənistanda baş verən hadisələr və Ermənistanın tamamilə sıxışıb qalması fonunda bəzi ölkələrin onu sülhə deyil anlaşılmazlığa itələməsi vəziyyəti çətinləşdirir. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da Bakıya səfərində 6-lı bir platformadan bəhs etmişdi. Bu platformaya Türkiyə, Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan və İran daxildir. Prezident Ərdoğan bu platforma sayəsində bölgədə kollektiv birlikdəlik yaradılabiləcəyindən söz etmişdi. Bu platformanın yaranması ilə birlikdə bölgədə sabitlik əldə oluna bilər. Bu təklif də məhz Türkiyənin sülh prosesinə etdiyi faydalardan biridir. Həmçinin Prezident Əliyev də Anadolu Agentliyinə müsahibəsində bildirmişdi ki, Ermənistan öz iddialarından əl çəksə həm Azərbaycan, həm də Türkiyə onlarla münasibətləri normallaşdırmağa hazırdır" - deyə Tolqa Özgenç vurğulayıb.
Onun fikrincə hazırda Ermənistanda davam edən proses də ümidvericidir. Həm erməni xalqının nəticədə revanşistlərə səs verməməsi, həm də Paşinyandan gələn siqnallar sülhün yaranmasına təkan verə bilər.
"Baş nazir Paşinyan da sülh prosesini dəstəkləyir və müəyyən siyasi manevrlər etməyə cəhd edir. Yəni Ermənistan əslində artıq Cənubi Qafqazda sülhün vacibliyini çox yaxşı başa düşüb. Bunu anlamalarının ən böyük səbəbkarı da Azərbaycan ordusudur” - deyə o bildirib.
Paşa Bayramov