Bakı 18˚C Mostly sunny

“Əsrin müqaviləsi”nin imzalanmasından 27 il keçir

Gündəm 13:12 20 sen, 2021

Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib

“Əsrin müqaviləsi”nin imzalanmasından 27 il keçir

Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 27-ci ildönümü tamam olur.

Qazet.az xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“Əsrin müqaviləsi”) ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər Günü kimi qeyd olunur.

Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.

Saziş ratifikasiya olunduqdan sonra sazişi SOCAR və Azərbaycan hökuməti ilə əməkdaşlıq edən xarici səhmdarlar adından həyata keçirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılıb. İlkin olaraq ABƏŞ altı ölkəni, yəni Böyük Britaniya, ABŞ, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanını təmsil edən 11 iri xarici neft şirkətindən (BP, “Amoco”, “Unocal”, “LUKoil”, “Statoil”, “Exxon”, TPAO, “Pennzoil”, “McDermott”, “Ramco” “Delta Nimir”) təşkil olunmuşdu.

1999-cu ilin iyun ayından etibarən, BP ABƏŞ üzrə operatorluq fuksiyasını öz üzərinə götürüb.

2001-ci ildən etibarən bu ilin sentyabrın 1-nə kimi AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlərin həcmi 152 milyard 893 milyon ABŞ dolları olub. Bu ilin əvvəlindən sentyabrın 1-nə kimi AÇG yatağından 3 milyard 488,5 milyon ABŞ dolları gəlir əldə edilib.