Etirazçıların qətli ilə əlaqədar Prezidentə qarşı istintaq başlayıb
Perunun Baş Prokurorluğu ötən ilin dekabrında nümayişçilərin ölümü ilə bağlı Prezident Dina Boluarte və Baş nazir Alberto Otarolaya qarşı ilkin araşdırmaya başlayıb.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə prokurorluq tviter səhifəsində məlumat yayıb.
“Prokurorluq respublika prezidenti Dina Boluarte, Alberto Otarola, müdafiə nazirinin səlahiyyətlərini icra edən, keçmiş daxili işlər naziri Sezar Servantes və digərlərinə qarşı şikayətlər üzrə ilkin icraat aparmaq qərarına gəlib”, - xəbərdə deyilir.
Prokurorluqdan bildirilib ki, araşdırmanın predmeti “2022-ci ilin dekabrında baş vermiş nümayişlər zamanı insanların ölümü” olmalıdır.
2022-ci il dekabrın 7-də prezident Pedro Kastilyonun hakimiyyətdən uzaqlaşdırılmasından sonra Peruda genişmiqyaslı etirazlar başlayıb. Aksiyaçılar yolları bağlayıb, hava limanlarını zəbt ediblər, hakimiyyət və hüquq-mühafizə orqanlarının binalarına basqın ediblər.
Hökumət əleyhinə nümayişlər zamanı baş verən qarşıdurmalarda 30-a yaxın adam həlak olub, yüzlərlə insan yaralanıb.