Bakı 7˚C Showers

“F-35” təyyarələrini almaq Türkiyənin haqqıdır - İbrahim Kalın

Siyasət 14:14 12 okt, 2021

Türkiyə ABŞ-dan son nəsil təyyarələrin alınmasının haqqı olduğunu bildirib

“F-35” təyyarələrini almaq Türkiyənin haqqıdır - <span style="color:red">İbrahim Kalın</span>

Bizim əsas önəm verdiyimiz məsələ “F-35” döyüş təyyarələrini almaqdır, bu, Türkiyənin haqqıdır”.

Qazet.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Milliyet” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-la bu böhran aradan qalxarsa, Türkiyə yenidən proqrama daxil olacaq və “F-35”lərini alacaq. Məsələ həll olunmasa, alternativ axtarışlar davam etdiriləcək.

“F-16” təklifi ilə əlaqədar olaraq Kalın deyib ki, mövcud “F-16” arsenalını genişləndirmək və onları modernləşdirmək, ödədiyimiz pula alternativ hesab edilə bilər: “Məsələ yeni gündəmə gəlib, şərtləri gördükdən sonra tələbatımız çərçivəsində son qərar verilə bilər”.

O deyib ki, Türkiyənin “S-400” zenit-raket kompleksləri almasına səbəb olan prosesi hamı bilir: “Məsələnin danışıqlar yolu ilə həll edilə biləcək bir problem olduğuna inanırıq. Ancaq Amerika tərəfinin, xüsusən də konqresdə, Türkiyə əleyhinə olan müəyyən dairələrin bunu bəhanə edərək sanksiyalar tətbiq etməyə əl atdığını görüb təəssüflənirik. Bu, müttəfiqlik münasibətlərinə uyğun deyil, Türkiyə-Amerika münasibətlərinə zərər verən bir vəziyyətdir. Bölgədə birlikdə ata biləcəyimiz addımları əngəlləyən və təxirə salan yanaşmadır. Türkiyə suveren bir ölkə olaraq öz müdafiə ehtiyaclarını təyin edir və buna uyğun olaraq lazım olan addımları atır. Əlbəttə ki, bizim əsas seçimimiz müttəfiqlərimizlə birlikdə hərəkət etmək və onlarla birgə layihələr həyata keçirməkdir. Heç kimdən qrant istəmirik, lütf gözləmirik. Bu, texnologiyanı öz pulumuzla almaq və inkişaf etdirmək istəyirik. Biz dəfələrlə CAATSA sanksiyalarının ədalətsiz, əsassız və qanunsuz olduğunu bildirmişik və Amerika rəhbərliyinin öz mövqeyini nəzərdən keçirməsində israr edirik. Türkiyənin strateji əhəmiyyətini görməmək yalnız strateji korluqla izah edilə bilər".

Türkiyəli rəsmi “F-16”nın köhnə texnologiya olmasına dair tənqidləri doğru saymır. Onun sözlərinə görə, hazırda “F-16”lar Türkiyə və NATO hava qüvvələrinin əhəmiyyətli bir hissəsini təşkil edir. Və bir müddət daha bu fəaliyyəti davam etdirəcək.

"NATO-nun ən güclü müttəfiqlərindən biri kimi ölkəmizin maraqlarına uyğun olaraq bu sahədə işlərimizi davam etdiririk. Türkiyə pilotsuz döyüş təyyarələrinin istehsalında böyük irəliləyiş əldə edir. Mövcud döyüş təyyarələri xaricində texnologiyaları inkişaf etdirmək mümkündür. Bu yaxınlarda inventara alınan "Akıncı TİHA" bu sahədə çox əhəmiyyətli bir addımdır. 5-10 ildən sonra Türkiyə yerli və milli texnologiya ilə bu sahələrdə daha qabaqcıl layihələrə imza atacaq. Heç kim buna şübhə etməsin. Bu səbəbdən təbii ki, "F-35" və digər sahələrdə hüquqlarımızı müdafiə edəcəyik, embarqolar qətiyyətimizi heç vaxt azaltmayacaq", - Kalın söyləyib.