Bakı 33˚C Partly sunny

Facebook-un gizli şəkildə istifadəçilərin hərəkətlərini izlədiyi məlum olub - VİDEO

Biznes 21:21 30 okt, 2021

Kibertəhlükəsizlik üzrə mütəxəssislər aşkar ediblər ki, Facebook tətbiqi mütəmadi şəkildə smartfonun akselerometr məlumatlarını yığır

Facebook-un gizli şəkildə istifadəçilərin hərəkətlərini izlədiyi məlum olub - VİDEO

Facebook-un istifadəçi məlumatlarını yığması faktı artıq heç kimi təəccübləndirmir. Lakin kibertəhlükəsizlik üzrə mütəxəssislər sosial şəbəkə ilə bağlı yeni maraqlı faktı aşkar ediblər. Belə ki, məlum olub ki, Facebook tətbiqi istifadəçinin hərəkətlərini izləyir və bunu heç bir üsul ilə deaktiv etmək mümkün deyil. Kibertəhlükəsizlik üzrə mütəxəssislər aşkar ediblər ki, Facebook tətbiqi mütəmadi şəkildə smartfonun akselerometr məlumatlarını yığır. Onlar bildiriblər ki, tətbiqə hətta geolokasiya məlumatlarının yığılması qadağan edilsə də o, istifadəçinin yerləşdiyi yeri təyin edə biləcək. Bunun üçün tətbiq digər istifadəçilərin cihazlarındakı akselerometr davranışlarını müqayisə edərək vibrasiyalardakı oxşarlığı təyin edəcək.

"Əgər siz avtobusda səyahət edirsinizsə və digər sərnişin Facebook-a öz yerləşdiyi yer barəsində məlumatı ötürürsə, Facebook rahatlıqla sizin həmin sərnişin ilə eyni yerdə yerləşdiyinizi təyin edəcək. Belə ki, cihazlardakı akselerometr vibrasiyaları oxşar olacaqlar" - deyə mütəxəssislər qeyd ediblər. Mütəxəssislər həmçinin bildiriblər ki, Facebook-dan başqa Instagram və Whatsapp da akselerometr məlumatlarını yığırlar. Lakin sadəcə Whatsapp-da bu imkanı deaktiv etmək mümkündür.

Digər tətbiqlər isə istifadəçinin də xəbəri olmadan onun yerləşdiyi yeri təyin edə bilirlər. Bundan əlavə olaraq tətbiqlər mobil cihazların böyük olmayan vibrasiyalarına əsaslanaraq istifadəçinin nəbzini də ölçə bilərlər. Müqayisə üçün mütəxəssislər TikTok, WeChat, iMessage, Telegram və Signal kimi tətbiqləri də analiz ediblər. Məlum olub ki, onlardan heç biri akselerometr məlumatlarını yığmır. Qeyd etmək lazımdır ki, eyni problem həm Android-də həm də iOS-də müşahidə edilir.