Bakı 1˚C Cloudy

Faydaları saymaqla bitməyən ekzotik meyvə - Feyxoa

Maraqlı 10:42 15 noy, 2022

Ekzotik giləmeyvə sağlamlığınız üçün faydalıdır və gündəlik pəhrizinizə ləzzətli əlavə ola bilər

Faydaları saymaqla bitməyən ekzotik meyvə - <span style="color:red">Feyxoa</span>

Gözəl dadı olmaqla yanaşı feyxoa bir çox faydaları ilə tanınır.

Feyxoa - mərsin ailəsinə aid  həmişəyaşıl tropik ağacın meyvəsidir. 1815-ci ildə Braziliyada alman botanik Fridrix Celle tərəfindən kəşf edilib və 75 ildən sonra meyvələr Avropaya çatdırılıb.

Bu bitkinin ilk plantasiyaları Azərbaycanda və Gürcüstanda 100 il sonra 1914-cü ildə yaranıb.

Meyvənin ləti turşa-şirindir, xoş çiyələk-ananas dadına malikdir. Feyxoa kollarda bitir, bitkinin ləçəkləri də yeyilə bilər. Bundan başqa, feyxoa dad və ətir üçün yeməklərə və içkilərə əlavə olunur. Tünd yaşıl giləmeyvə 30-120 qr. ağırlığında olur.

Xoş dad və qoxu ilə yanaşı, feyxoa orqanizm üçün çox faydalıdır.

Feyxoa yarpaqlarının dəmləməsi diş ağrısı, damaqların iltihabı və qanaması zamanı çox yaxşı kömək edir. Yarpaqları qaynar suda dəmləyin və qarqara üçün istifadə edin.

Meyvələr antioksidant, iltihab əleyhinə, göbələk və mikrob əleyhinə xüsusiyyətlərə malikdir, vitaminlərlə zəngindir və çəki saxlamaq istəyənlər üçün uyğundur.

Zob xəstəliyi olanlar üçün feyxoanı yemək və şirəsini içmək çox faydalıdır.    

Alimlər xərçəngin qarşısını almaq və sümükləri gücləndirmək üçün istifadə edilə biləcəyini sübut ediblər. Feyxoanın lətində və xüsusilə də qabıqlarında «katexin» və «antosinlər» fenol birləşmələri var ki, bu maddələr güclü antioksidantlar sayılır. Antioksidantlar xərçəng xəstəliklərinin profilaktikası üçün olduqca vacib olan maddələrdir.

Tərkibində C, B, P və E vitaminlərinin yüksək olması səbəbindən feyxoa antioksidant fəaliyyət baxımından əksər giləmeyvə ilə eyniləşdirilə bilər.

Feyxoa ateroskleroz zamanı da çox xeyirlidir: bu xəstəliyin inkişafını ləngidir, damarları daha elastik edir.

Bu meyvə arterial təzyiqinin tənzimlənməsinə, immun sistemini möhkəmləndirməyə və bağırsaqların fəaliyyətini yaxşılaşdırmağa da kömək edir. Feyxoa həzm üçün faydalıdır. 

Feyxoa həmçinin, stenokardiya xəstəliyinin müalicəsinə də kömək edir. 

Meyvənin əhəmiyyətli xüsusiyyəti onda suda həll olunan yod birləşmələrinin olmasıdır. Bir kq. təzə feyxoada 2-10 mq. yod var. Ona görə də, orqanizmdə yod çatışmazlığı nəticəsində yaranan xəstəliklərdə xüsusilə faydalıdır. 

100 qr. feyxoanın qida dəyəri:

Enerji dəyəri - 183 kkal

Zülallar - 0,6 qr.

Yağlar - 0,4 qr.

Karbohidratlar - 8 qr.

 

Feyxoa C vitamini (63 mq / 100 qr FW) və pantotenik turşunun (0,2 mq / 100 qrFW) qiymətli mənbəyidir. Alimlərin arşdırmalarına görə sellüloza və pektin maddələrindən (40%) əlavə olaraq orqanizm üçün faydalı olan bir çox elementin yüksək tərkibi göstərilir. 

Beləliklə, feyxoa yodla zəngindir

Yod - 10-40 mkq / 100 q (gündəlik dəyərin təxminən 18% -i)  

Kalium - 6,9% 

Silikon - 56,7% 

Bor - 47% 

Xrom - 14% 

Vitamin C - 40 mq / 100 qr.

Unutmayın ki, hər hansı bir ekzotik meyvə kimi, bu giləmeyvə allergiyaya səbəb ola bilər. Buna görə də, onları ilk dəfə az yemək daha yaxşıdır.

Feyxoa bütöv, dilimlənmiş və ya rəndələnmiş halda yeyilə bilər. Ondan mürəbbə hazırlanır, meyvələr desertlərə əlavə olunur, məsələn, kekslər və dondurma.  

Feyxoanın qabığını soymağa ehtiyac yoxdur, qabığını yaxşıca yumaq kifayətdir - o da yeməli olur. Bəzi insanlar onun xüsusi  dadını bəyənmirlər - bu halda qabığını qurutmağa və çaya əlavə etməyə cəhd edə bilərsiniz, o, içkiyə orijinal ətir verəcək və acı dad verməyəcək. Feyxoanın faydaları bişirildikdə qorunur, buna görə də meyvələrdən qida dəyərini itirmədən souslar, kompotlar və hətta likörlər hazırlamaq üçün istifadə edə bilərsiniz.    

Soyuq feyxoa mürəbbəsi belə hazırlanır:

Feyxoanı təmizləyib, yuyuruq. Suyu süzülür.

Sonra 1 kq feyxoanı ət çəkən maşından keçirmək və 1,5 kq şəkər tozu əlavə edib, yaxşı qarışdırmaq lazımdır. Daha sonra şüşə qaba yığıb, feyxoa, şirəsini tam buraxana qədər gözləmək lazmdır. Bundan səhər və axşam 1 xörək qaşığı qəbul etmək, 10 gün qəbul edib, 10 gün istirahət etmək məsləhətdir. 

Feyxoa mürəbbəsi  soyuqdəymə əleyhinə istifadə olunan təbii müalicə üsullarından biridir. 

Soyuqdəymədən əziyyət çəkənlərə feyxoadan hazırlanmış çay içmək məsləhət görülür. Bunun üçün 3 feyxoanı doğrayın (qabıqlı), üzərinə 1 stəkan qaynar su əlavə edib dəmləyin və 20 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə edib için. Belə dəmləməni gün ərzində 2-3 dəfə qəbul edin.       

Günay Cavanşir