Bakı 6˚C Showers

Fazil Mustafa: “30 ildir müstəqil dövlətik, hələ dərman problemini həll edə bilməmişik”

Gündəm 14:42 25 noy, 2022
Fazil Mustafa: “30 ildir müstəqil dövlətik, hələ dərman problemini həll edə bilməmişik”

"Büdcə formalaşdırarkən əsas meyar Azərbaycan vətəndaşının büdcəyə baxışıdır, hökumət ilk öncə buna diqqət etməlidir".

Qazet.az xəbər verir ki, deputat Fazil Mustafa parlamentdəki müzakirələr zamanı çıxışına “büdcə dövlətin hər il yenilənməli olan şəxsiyyət vəsiqəsidir” deməklə başladı.

Deputat qeyd etdi ki, müdafiə və milli təhlküəsizlik xərcləri 2023-cü il büdcəsində 16 faiz artırılıb. Əlavə etdi ki, bu rəqəmin Qarabağda xidmət keçən kontingentimizin əmək haqqına nə dərəcədə təsir edəcəyini deyə bilməz, amma vacib məsələdir. Onun sözlərinə görə, Müdafiə Nazirliyində hər oğurlanan vəsait Azərbaycan əsgərinin haqqına girilməsidir. “Özəlləşmədən daxil olmadan gələn il 100 milyon manat nəzərdə tutulub, yəni builkindən 14 milyon az. Bu qədər boş qalmış müəssisələr niyə özəlləşdirilmir? Simvolik qiymətə özəlləşməyə təklif edin, 20-25 il sahibkar onun təyinatını dəyişdirməsin. 3 il öncə 10 min nəfərin işlədiyi tikinti şirkətini indi 100 nəfərlə formal olaraq saxlayıblar. Doğrudanmı biz bu gəlir sahələrini görmürük? Özəlləşdirmə qiymətlərini aşağı salmalıyıq”-deyə, F.Mustafa bildirdi.

Deputat qeyd etdi ki, dərman qiymətləri Türkiyədən üç dəfə bahadır: “30 ildir müstəqil dövlətik, hələ dərman problemini həll edə bilməmişik. Təhsildə də eyni problemləri görürük. Övladımızın təhsil aldığı 700 nəfərlik məktəbdə bu gün 2 min 400 nəfər təhsil alır”.