FHN vətəndaşlara müraciət etdi
Azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarında aidiyyəti dövlət qurumları ilə yanaşı Fövqəladə Hallar Nazirliyi də bilavasitə iştirak edir.
FHN-dən qazet.az-a verilən məlumata görə, ötən müddət ərzində dövlət qurumlarının əlaqəli fəaliyyəti sayəsində böyük ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, bu ərazilərdə hal-hazırda yenidənqurma və quruculuq işləri sürətlə davam etdirilir. Həyata keçirilən tədbirlər həmin ərazilərin əsl sahibləri olan soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdacağı günü daha da yaxınlaşdırır.
“Bununla belə, hələ də işğaldan azad olunmuş ərazilərdə böyük həcmdə mina və partlamamış hərbi sursatlar qalmaqdadır və hazırda aidiyyəti dövlət strukturları, o cümlədən Fövqəladə Hallar Nazirliyi bu təhlükənin tam aradan qaldırılması istiqamətində əlaqəli şəkildə fəaliyyətlərini fasiləsiz olaraq davam etdirirlər. Bununla bağlı səbr, təmkin göstərən, hər şeydən vacib olan təhlükəsizlik məsələlərinə anlayışla yanaşaraq dövlətin müəyyən etdiyi qaydalara diqqət və hörmətlə yanaşaraq işğaldan azad olunmuş ərazilərə qeyri-qanuni səfərlərdən çəkinən hər bir vətəndaşımıza təşəkkür edirik.