Fikrət Əmirovun 100 illiyi qeyd olundu
Noyabrın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunub.
Qazet.az xəbər verir ki, gecədə Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri çıxış edib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, Əməkdar mədəniyyət işçisi, Fikrət Əmirov yaradıcılığı haqqında bir neçə monoqrafiya və sənədli filmin müəllifi Səadət Təhmirazqızı bəstəkarın yaradıcılığından söz açıb. Bildirib ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından olan Fikrət Əmirov musiqinin demək olar ki, bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaradıb ki, bu da dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır.
“Bəstəkarın özünəməxsus musiqi dili olduğuna görə onun simfonizmi çox möhtəşəmdir. Bunun da əsas səbəbi bəstəkarın milli musiqini dərindən bilməsi və onu Qərb musiqi alətlərinin dilinə çevirmək bacarığından irəli gəlir. Bu cəhətlər Fikrət Əmirovun bütün əsərlərində sanki qırmızı xətlə keçir. Böyük bəstəkar xalq musiqimizə, sadəcə, bəstəkar kimi deyil, onun keşiyində duran və onu qoruyan, yaşadan bir sənətkar kimi yanaşıb. Buna görə də ölməzlik qazanıb”, - deyə Səadət Təhmirazqızı vurğulayıb.
Daha sonra konsert proqramı təqdim olunub. Xalq artistləri Yeganə Axundova (fortepiano), Teyyub Aslanov (xanəndə), Respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Lalə İbrahimova (soprano) çıxış ediblər. Orkestrin ifasında bəstəkarın “1001 gecə” baletindən “Şəhrizadın bayramı”, “Sevil” operasından Dilbərin ariyası, H.Cavidin “Şeyx Sənan” dramından “Kor ərəbin mahnısı”, Kürdi-Ovşarı simfonik muğamından fraqment, fortepiano və Xalq Çalğı Alətləri Orkestri üçün 3 hissəli konserti təqdim edilib.
Fikrət Əmirov yaradıcılığının şedevr nümunələri tamaşaçıların alqışları ilə qarşılanıb.