Fransa SEPAH-ı terror təşkilatı kimi tanıya bilər
Fransa İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıya bilər.
Qazet.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Anne-Kleir Leqendr gündəlik brifinqdə bildirib.
O qeyd edib ki, Fransa SEPAH-ı terror qruplaşması elan etməyi istisna etmir. Sözçü rəsmi Parisin bu məsələ ilə bağlı avropalı tərəfdaşlarla danışıqlar apardığını deyib.
Nüvə razılaşması ilə bağlı danışıqların iflasa uğramasından sonra Paris və Tehran arasında əlaqələr pisləşib. Fransa etirazçılara qarşı davam edən zorakılıqları tənqid edib, Tehran yeddi Fransa vətəndaşını həbs edib.
İranda davam edən repressiyalar və Tehranın Rusiyaya silah tədarükü fonunda Qərbdə SEPAH-ın terror təşkilatı kimi elan edilməsi ilə bağlı çağırışlar artıb. Almaniyanın xarici işlər naziri Annalena Baerbok İrana tətbiq edilən sanksiyaların kifayət etməyəcəyini bildirib. "SEPAH-ın terror təşkilatı siyahısına salınması siyasi baxımdan vacib və məntiqlidir", - deyə o, "Twitter"də qeyd edib və əlavə edib ki, bunun həyata keçirilməsi üçün hüquqi maneələr aradan qaldırılmalıdır. Böyük Britaniyanın yaxın həftələrdə qərar verəcəyi gözlənilir. ABŞ 2019-cu ildə SEPAH-ı terror qruplaşması kimi tanıyıb.
SEPAH-ın terror qruplaşması kimi tanınması ilə bu qruplaşmaya daxil olmaq, onun toplantılarında iştirak etmək və ictimai yerlərdə təşkilatın loqotipini daşımaq cinayət hesab ediləcək.
1979-cu ildə baş verən İslam İnqilabından sonra teokratik rejimi qorumaq üçün yaradılan SEPAH ölkənin siyasi sistemində böyük nüfuza malikdir. Təşkilat iqtisadiyyat və silahlı qüvvələrə nəzarət edir, eləcə də İranın ballistik raket və nüvə proqramlarına rəhbərlik edir.