Bakı 7˚C Mostly sunny

Fransızların həyasızlığı, rusların biganəliyi: Əcnəbi hüquq müdafiəçilərinin Xankəndidə nə işi var? - FOTO

Siyasət 04:31 26 sen, 2021

Əcnəbi hüquq müdafiəçilərinin Xankəndidə nə işi var?

Fransızların həyasızlığı, rusların biganəliyi: Əcnəbi hüquq müdafiəçilərinin Xankəndidə nə işi var? - FOTO

Ötən 30 ilə yaxın müddətdə Azərbaycan ərazisinin 20 faizini Ermənistan işğal altında saxlayıb. Bu zaman kəsiyində ermənilər azərbaycanlılara məxsus mülkləri talayıb, maddi-mədəniyyət abidələrimizi məhv edib, sərvətlərimizi talayıblar. Rəsmi Bakı bu barədə beynəlxalq təşkilatlar, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri qarşısında dəfələrlə məsələ qaldırsa da, səsimizə səs verən tapılmayıb.

Qazet.az xəbər verir ki, “Kaspi” qəzetində Ermənistanın işğalçı siyasətinə, BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən qətnamələrinə göz yuman beynəlxalq ictimaiyyətin bu kimi məsələlərdə də seyrçi mövqe sərgiləməsi ilə bağlı geniş yazı çap olunub.

Nəticədə, Azərbaycan öz ordusunun gücünə arxalanaraq ərazi bütövlüyünü bərpa edib, BMT qətnamələrini təkbaşına yerinə yetirib. Bununla da 30 illik işğala son qoyulub, Dağlıq Qarabağ münaqişəsi birdəfəlik həllini tapıb. İşğaldan azad olunan ərazilərdə hazırda genişmiqyaslı quruculuq, abadlıq, bərpa işləri həyata keçirilir.

44 günlük Vətən Müharibəsində məğlub olan Ermənistan mövcud reallıqla barışmaq, qonşularının ərazi bütövlüyünə hörmətlə yanaşmaq əvəzinə, yenidən müxtəlif təxribatlara əl atmaqdadır. Hər belə cəhddə burnu ovulan, yerinə oturdulan ermənilər, indi də xarici ölkə vətəndaşlarından təxribatçı məqsədlər naminə yararlanmağa, onlar üzərindən beynəlxalq aləmdə yanlış ictimai rəy formalaşdırmağa çalışırlar. Bir neçə gün bundan öncə Fransanın "L'Œuvre d'Orient” təşkilatının nümayəndələrinin Qarabağa qanunsuz səfəri bu qəbildəndir. Fransalı hüquq müdafiəçiləri Azərbaycan hökumətini səfər barədə məlumatlandırmadan Xankəndinə yollanıblar. Burada onlara azərbaycanlıların guya ermənilərə məxsus maddi-mənəvi irsə ziyan vurması barədə "faktlar” təqdim olunub. Xankəndindəki ermənilərin üzləşdiyi çətinliklər, humanitar problemlər də fransalı hüquq müdafiəçilərinin diqqətinə çatdırılıb.

Eşitdiklərindən xeyli pərişan olan fransızların, nədənsə 30 illik Ermənistan işğalı zamanı 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, mülkiyyət və yaşamaq hüquqlarından məhrum edilməsi, zəbt edilən ərazilərdə törədilən vandalizm aktları yadlarına düşməyib. Fransalı hüquq müdafiəçilərinin Qarabağa qanunsuz səfərində diqqət çəkən başqa bir məqam onların məhz Laçın dəhlizindən keçməklə rusiyalı sülhməramlıların məsuliyyətində olan zonaya – Xankəndinə yollanmasıdır. Sülhməramlıların bu qanunsuz səfərə göz yumması 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan, Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin birgə imzaladığı Üçtərəfli Bəyanatın tələblərinə ziddir. Rusiyalı sülhməramlıların missiyası Xankəndində yaşayan az sayda erməninin təhlükəsiz şəkildə Ermənistana və ya əksinə gediş-gəlişinə nəzarət etməkdir. Nəinki Ermənistanın rəsmi şəxsləri, eləcə də digər xarici ölkə nümayəndələri Qarabağa səfər etmək üçün əvvəlcə Azərbaycan hökumətindən icazə almalıdırlar. Fransalı hüquq müdafiəçiləri də yalnız rəsmi Bakının icazəsindən sonra Laçın dəhlizi vasitəsilə yox, Bakıdan Qarabağa yollanmalı idilər. Belə olmadığı halda, sülhməramlılar fransızların Qarabağa girişinə göz yummalı deyildilər.

Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, millət vəkili Elman Məmmədov mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında deyib ki, indiyə qədər yalnız fransızlar deyil, bir neçə ölkə nümayəndələrinin Qarabağa qanunsuz səfərləri olub. Deputatın sözlərinə görə, rəsmi Bakının icazəsi olmadan hər hansı əcnəbinin Azərbaycan sərhədini keçməsi qanunsuzdur və buna görə hüquqi məsuliyyət var: "30 ilə yaxın davam edən işğal nəticəsində ABŞ, Fransa, Rusiya, Ermənistan vətəndaşlarının dəfələrlə Qarabağa qanunsuz səfərləri olub. Təəssüf ki, indi də Ermənistan və Fransa vətəndaşlarının Laçın dəhlizindən keçməklə rusiyalı sülhməramlıların nəzarətində olan, hüquqi baxımdan Azərbaycan ərazisi sayılan Xankəndiyə səfəri reallaşıb. İlk növbədə onu qeyd etmək yerinə düşər ki, sülhməramlılıq missiyasına sərhədçilik xidməti aid deyil. Sülhməramlının missiyası Laçın dəhlizində gediş-gəlişin təhlükəsizliyini təmin etməkdir”.

Deputat qeyd edib ki, sərhədlərimizdə Azərbaycan sərhədçisi dayanmalıdır: "Necə ki, qonşu ölkələrlə sərhəddə Dövlət Sərhəd Xidmətinin əməkdaşları dayanır, xidmət edirlər, eləcə də, Laçın dəhlizinin Azərbaycan-Ermənistan dövlət sərhədində əsgərlərimiz dayanmalı və keşik çəkməlidirlər. Orada sərhəd buraxılış məntəqəmiz, həmçinin digər strukturlarımız olmalıdır. Elə etməliyik ki, bizim icazəmiz olmadan Azərbaycan ərazisinə kimsə daxil ola və çıxa bilməsin. Bu təmin edilməyənə qədər arzuolunmaz proseslər davam edəcək. Azərbaycan ərazisinə qanunsuz daxil olan, rəsmi Bakının icazəsi olmadan Qarabağa səfər edən xarici ölkə nümayəndələrini Xarici İşlər Nazirliyi "qara siyahı”ya salır. Beləliklə, onların Azərbaycana girişinə qadağa qoyulur. Ermənistanla, Qarabağdakı separatçılarla əməkdaşlıq edən əcnəbilər, cinayətkarlar da bəyan edirlər ki, bizim Azərbaycana gəlmək niyyətimiz yoxdur. Bu kimi hallar yaşanmasın deyə Ermənistanla sərhədimizdə öz sərhədçilərimiz dayanmalıdır. Arzuolunmaz proseslərin qarşısını almağın yeganə yolu budur”.