Gələn il icbari tibbi sığorta üzrə xidmətlər zərfində 3700 xidmət olacaq - RƏSMİ
bunu Milli Məclisin iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib

“Bu yaxınlarda Səhiyyə Nazirliyi, İTSDA və TƏBİB-in iştirakı ilə icbari tibbi sığortanın tətbiqinə dair dinləmə keçirəcəyik”.
Qazet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Deputat bildirib ki, bu dinləmədə bir çox suallara aydınlıq gətiriləcək: “Bu gün həssas qrupların bəziləri üçün dövlət proqramları tətbiq edilir. 16-ya yaxın dövlət proqramı var və gələcəkdə bu proqramların da icbari tibbi sığorta ilə bağlı xidmətlər zərfinə daxil edilməsini düşünürük. Ancaq kosmetoloji xidmətlər, stomotoloji xidmətlərin bir hissəsi heç vaxt xidmətlər zərfinə daxil edilməyəcək. Növbəti il üçün xidmətlər zərfinə daxil olan xidmətlərin 3700-ə qaldırılması proqnozlaşdırılır”.
Əhliman Əmiraslanov qeyd edib ki, zərfə daxil olan xidmətlərin konkret qiymətləri barədə məlumatı İTSDA-nın saytından almaq olar: "Bu qiymətlər açıqdır. Qanun layihəsindəki xidmətlərin qiymətlərini icra hakimiyyəti orqanları müəyyənləşdirəcək və tibb müəsisələrinə göndərəcək".