Bakı 26˚C Sunny

Gəncədə ermənilərin dağıtdığı ev bərpa edilir

Gündəm 18:51 31 okt, 2021

Ölkə başçısının tapşırığına əsasən, ziyan dəyən tikililər bərpa edilərək sakinlərin ixtiyarına verilib

Gəncədə ermənilərin dağıtdığı ev bərpa edilir

Gəncədə Vətən müharibəsi dövründə dağılmış evlərdə təmir-bərpa işləri davam etdirilir.

Qazet.az Report-a istinadla xəbər verir ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonları artilleriya qurğularından və ballistik raketlər kompleksindən atəşə tutaraq dinc əhalini və mülki obyektləri hədəfə alıb. Nəticədə onlarla günahsız dinc sakin dünyasını dəyişib, yüzlərlə fərdi yaşayış evləri, sosial, iaşə və xidmət obyektlərinə ciddi ziyan dəyib.

Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə yaradılan Dövlət Komissiyasının yekun qərarından sonra evlərin və obyektlərin bərpa-tikinti işlərinə başlanılıb. Ölkə başçısının tapşırığına əsasən, ziyan dəyən tikililər bərpa edilərək sakinlərin ixtiyarına verilib. Yenidən inşa edilən evlərdən biri də, Gəncə şəhər sakini Cəfərov Elbir Cəfər oğluna məxsus evdir.

Gəncə şəhərinə atılan raketlərdən biri E.Cəfərovun yaşayış evinin yaxınlığına düşüb. Xoşbəxtlikdən özü xəsarət almasa da, qonşularından 14 nəfər həlak olub, bir çoxu yaralanıb.

“Küçədə raketin düşdüyü yerdə bir çox ev tamam dağılmışdı. Mənim və yaxınlıqdakı qonşuların evlərinin isə divarları çatlamış, dam örtükləri dağılmışdı. Prezidentin sərəncamına uyğun olaraq müvafiq qurumların əməkdaşları gəlib evimizə baxdılar, yaşamaq üçün təhlükəli olduğu üçün söküb tam yeni ev inşa etməyə başladılar. Ev tam hazır olduqdan sonra bizə təhvil verəcəklər və 5 nəfər ailə üzvümlə birgə yaşayacağıq” - E.Cəfərov deyib.

Məlumat üçün bildirək ki, Gəncə şəhəri 44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin təcavüzündən ən çox ziyan çəkmiş ərazilərimizdəndir. Burada ümumilikdə 3 800-dən çox yaşayış və qeyri-yaşayış obyekti dağıdılıb və ya qismən ziyan görüb. Dövlət başçısının tapşırığına əsasən hazırda 3 200-ə yaxın tikili təmir-bərpa olunub, 12 yaşayış evi yenidən tikilib və hazırda onların təmir işləri aparılır. Bununla yanaşı, 22 yaşayış evi tikilir, 1 bağçanın inşasına başlanılacaq. 500-dən çox tikili üzrə isə təmir-bərpa işləri davam edir.

Qeyd edək ki, 11 şəhər və rayon ərazisində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş tikililərin inşası və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir. Həmin ərazilərdə 13 000-dən çox tikiliyə ziyan dəyib ki, hazırki mərhələdə onlardan 11 750-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digərlərində işlər planlaşdırılmış qrafik üzrə sürətlə aparılır və onların da yaxın zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilib.