Gənclər Kitabxanası Fikrət Əmirovun yubileyi ilə əlaqədar materiallar hazırlayıb

Görkəmli bəstəkar “Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası unudulmaz sənətkarın həyat və yaradıcılığına həsr edilmiş silsilə materiallar – “Mədəniyyət tariximizdə dərin iz qoyan, musiqimizin böyük dayağı - Fikrət Əmirov 100” adlı videomaterial, virtual və ənənəvi sərgi hazırlayıb.
Kitabxanadan Qazet.az-a bildirilib ki, kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun həyatı və yaradıcılığı, ölkəmizdə və ölkəmizdən kənarda qazandığı uğurlar, bəstəkarlıq fəaliyyəti haqqında geniş məlumatlar öz əksini tapıb. Burada bəstəkarın neçə-neçə dəyərli opera, balet, simfoniya, mahnı, romans və kamera-instrumental əsər yaratması, zəngin irsinin Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindən biri olması təsvir edilib. Materiallarda Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, sənətkarın musiqi yaradıcılığı ilə yanaşı, təltif və mükafatları, bir sıra görkəmli şəxslərin xatirələri və dahi bəstəkar haqqında söylədikləri fikirlər də yer alıb. Hazırlanan materiallarda Fikrət Əmirovun bir çox film və teatr tamaşalarına musiqi bəstələməsi, həmçinin, bir sıra uşaq mahnılarının da müəllifi olması qeyd edilib. Virtual sərgidə istifadəçilər Fikrət Əmirovun həyat və yaradıcılığından bəhs edən Azərbaycan və rus dillərində nəşr edilən kitablar ilə də tanış ola bilərlər.
Respublika Gənclər Kitabxanasında bəstəkar Fikrət Əmirovun 100 illik yubileyi ilə əlaqədar olaraq "Bəstəkar Fikrət Əmirov - 100" adlı ənənəvi sərgi də təşkil edilib. Sərgidə bəstəkarın həyat və yaradıcılığı haqqında kitablar, not əsərləri, dövrü mətbuat materialları sərgilənməkdədir.