Bakı 32˚C Sunny

General Məsum Rəsulov hansı maddə ilə həbs edildi? - DTX

Gündəm 18:11 15 iyl, 2022

DTX məlumat yayıb

General Məsum Rəsulov hansı maddə ilə həbs edildi? - DTX

Ötən gün keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılan Dövlət Gömrük Komitəsinin Əməliyyat və istintaq baş idarəsinin rəisi, general-mayor Məsum Rəsulovun həbs səbəbi məlum olub.

Qəzet.az xəbər verir ki, bu barədə DGK-nın yaydığı rəsmi məlumatda qeyd olunub.

Bildirilib ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Rəsulov Məsum Eynalı oğlunun öz vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxsləri vasitəsilə “Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında “Azerbaijan Legal Consulting İnternational Services” MMC, “Nanoc” MMC, “Veqa-Servis” MMC, “Meqan Group” MMC, “Omega Servis IKO” MMC, “Delta Servis İKO” MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub:

"Həmçinin Məsum Rəsulovun, müsadirəsi nəzərdə tutularaq “Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularına paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, şəxsi münasibətdə olduğu əməkdaşına müvafiq tələblərdə rəsmiləşdirmə aparılması ilə bağlı qanunla müəyyən edilmiş prosedur qaydaları pozmaqla təhvil verərək külli miqdar dəyərində siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Məsum Rəsulov iyulun 14-də şübhəli şəxs qismində saxlanılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir".