Gömrük Akademiyasında tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gənclər arasında dini-mənəvi dəyərlərin təbliğinə həsr olunmuş seminar keçirilib.
Akademiyadan Qazet.az-a bildirilib ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov, DGKA-nın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi Vüqar Əliyev, Akademiyanın əməkdaşları, tələbələri və “Könüllü gömrükçü” dəstəsinin üzvləri iştirak ediblər.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Akademiyanın rəisi Q. Novruzov keçirilən seminarın əhəmiyyətindən danışıb. O, 44 günlük Vətən müharibəsində xalq-ordu birliyi sayəsində qazanılmış tarixi Zəfərimizdə ulu öndər Heydər Əliyevin dövlətçilik irsində və siyasi kursunda xüsusi yer almış, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən tolerantlıq siyasətinin də xüsusi rola malik olduğunu qeyd edib.
Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi V. Əliyev tədbirin önəmindən söz açaraq gənclərin milli ruhda vətənpərvər şəxsiyyət kimi formalaşması istiqamətində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılmasının əhəmiyyətindən danışıb, zərərli təbliğatın qarşısının alınmasında, ölkəmizdəki tolerantlıq mühitinin qorunub-saxlanılmasında, gənclərimizin milli ruhda tərbiyə edilməsində cəmiyyətin bütün təbəqələrini fəal olmağa səsləyib.
DQİDK-nın sədr müavini Səyavuş Heydərov dini və etnik zənginliyə malik xalqımızın tolerantlıq ənənələrinin uğurla inkişaf etdirildiyini, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi, bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsini özündə təcəssüm edən azərbaycançılıq məfkurəsinin ölkəmizin tərəqqisində müstəsna rolu olduğunu bildirib. O, Vətən müharibəsində müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşlarının çiyin-çiyinə vuruşmalarının, “Dəmir yumruq” ətrafında həmrəylik nümayiş etdirmələrinin bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsi olduğunu vurğulayıb. Məruzəçi, həmçinin gənclərə ənənəvi İslam dəyərləri, radikal dini cərəyanlar və onların milli təhlükəsizlik üçün yaratdığı təhdidlər barədə məlumat verib, müəllifi olduğu “Din və ideoloji təhlükəsizlik” kitabını Akademiyanın kitabxanasına hədiyyə edib.