"Google" dünya şöhrətli azərbaycanlı alim üçün təqdimat hazırladı
Axtarış sistemi alimə həsr olunmuş dudl təqdim edib

“Google” axtarış saytının əsas səhifəsi dünyaşöhrətli azərbaycanlı alim, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs Lütfi Zadəyə həsr edilmiş dudl hazırlayıb.
Qazet.az xəbər verir ki, axtarış sistemi alimə həsr olunmuş dudl təqdim edib.
Axtarış sisteminin istifadəçiləri dudlu klik etməklə Lütfi Zadə barəsində məlumatlar olan saytlara, səhifələrə keçid edə bilərlər.
Qeyd edək ki, bu gün İnternet mühitində minlərlə axtarış sistemi fəaliyyət göstərsə də, axtarış sistemlərinin sayının çox olmasına baxmayaraq İnternet istifadəçilərinin çox hissəsi “Google” serverinə üstünlük verirlər. İnternet istifadəçilərindən hər 10 nəfərdən 6-sı axtarış sistemləri arasında lider sayılan “Google” serverinə müraciət etməyi üstün sayır.
Axtarış sisteminin dudlları dünyada baş verən maraqlı hadisələr, ənənəvi günlər, bayramlarla əlaqədar olaraq axtarış sisteminin əsas səhifəsində görünən rəsmlər, fotolar, oyunlar və s.dir.
Məşhur azərbaycanlı alim istehsalatda geniş tətbiq edilən, eyni zamanda dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsi ona dünya şöhrəti qazandırıb. Nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq.
Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilib.
Qeyd edək ki, Yaponiyanın “Mitsubishi“, “Toshiba“, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyicilərinin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında yararlanırlar.
Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib, bir neçə gün sonra Bakıda dəfn olunub.
Həmçinin qeyd edək ki, dudl Google axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə yaradılan xüsusi açıqcaların adıdır.