Bakı 3˚C Dreary

Göyçayda yolunuzu gözləyən "Nar Vadisi" - VİDEO

Eksklüziv 17:20 19 dek, 2022
Göyçayda yolunuzu gözləyən "Nar Vadisi" - VİDEO

Avropa İttifaqının maliyyə dəstəyilə jurnalistlər üçün həyata keçirilən mediatur bu dəfə Göyçay rayonunda baş tutdu. Rayonun Qaraməryəm kəndində yaşayan Yeganə Nuriyevanın qonağı olduq. Turistlər üçün nəzərdə tutulan bu ev hər cür şəraitlə təmin olunub. Kənd Göyçay-Bakı magistral yolundan 200 metr kənarda yerləşir. 2021-ci ildən turistlərə xidmət göstərmək məqsədilə sanitar qovşaq şəraiti yaxşılaşdırılmış, ev qonaq və yataq otaqları üçün mebel, həmçinin məişət əşya və cihazları ilə təmin edilmişdir. Qonaqları qarşılamaq və yerləşdirmək üçün ev Qaraməryəm gölünün yaxınlığında, dörd hektarlıq nar bağında yerləşir. 

İndiyədək Bakıdan gəlmiş, bu məkanı Azərbaycan Turizm Assosiasiyası vasitəsilə kəşf edilən 19 turist ailəsinə müvafiq xidmətlər göstərilib. Evdə qaldıqları hər gecəyə görə hər ailədən 40 manat qazanmaqla sahibə yerli turistlərə toplam 340 manat dəyərində emal edilən nar məhsullarını da satmağa müvəffəq olub.
Yerli və əcnəbi turistlərin qala biləcəyi bu məkanda balıq tutmaq üçün göllə yanaşı, açıq havada düşərgə həyatı və at çapmaq üçün şərait də vardır.

Sahibkar Yeganə Nuriyeva bu işə necə başladığından və ona bu yolda kimlərin dəstəyi olmasından Qazet.az-a danışdı:

"Biz bu sahəni 15 il əvvəl almışıq. Nə ilə məşğul olacağımız haqqında fikirləşirdik. Yoldaşım torpağa çox bağlı bir insandır. Narları çox sevdiyinə görə, qərara aldı ki, mən burada müxtəlif növ nar ağacları yetişdirəcəm. Və çox böyük zəhmət bahasına bu ağacları yetişdirməyə başladı. 5-6 il olar biz bu bağdan məhsul əldə edirik. 2019-cu ildə STEP layihəsinin meneceri Səbuhi Həsənovla tanış olduq. O bizə bu yolda dəstək oldu. Həvəsləndirdi ki, siz burada aqroturizmi inkişaf etdirə bilərsiz. Onların dəstəyi ilə biz bu məkanı yaratdıq.
 Qərara aldıq ki, turistləri qəbul edək. Bizim mənzildə bir ailə rahat şəkildə istirahət edə bilər. Buranın çox gözəl, yüngül havası var. Xüsusilə payızda və yazda əvəzolunmaz təbiəti var. Bizim aşağıda, 6 hektar ərazidə göl sahəmiz var. Orada 3 növ balıq yetişdiririk. Gələn turistlər ondan da yararlana bilir. Nardan müxtəlif məhsullar hazırlayırıq və turistlərə təklif edirik. Avropa İttifaqının maliyyə dəstəyi hesabına yaranan STEP layihəsi bizə çox dəstək oldu. Evi texniki avadanlıqları və mebeli ilə təmin etdilər. Bu da bizə həm maddi, həm də mənəvi olaraq kömək oldu"-
deyə, Yeganə xanım qeyd etdi.