Bakı 6˚C Dreary

Gürcüstan müxalifətinin tərəfdarları Tbilisidə etiraz yürüşü keçirir

Gündəm 18:04 15 noy, 2021

Etirazçılar növbədənkənar parlament seçkilərinin təyin olunmasını və hökumətin istefasını tələb edirlər

Gürcüstan müxalifətinin tərəfdarları Tbilisidə etiraz yürüşü keçirir

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) liderləri və tərəfdarları Tbilisidə etiraz yürüşü keçirir.

Qazet.az xəbər verir ki, “Avlabar” metrostansiyasından başlayan aksiyanın iştirakçıları Kür çayının hər iki sahilindəki əsas nəqliyyat magistrallarını 2 saat ərzində bağlamağı planlaşdırır.

Yürüşçülər türmə xəstəxanasında olan keçmiş Prezident Mixeil Saakaşvilinin çoxfunksiyalı mülki klinikaya köçürülməsi, növbədənkənar parlament seçkilərinin təyin olunmasını və hökumətin istefasını tələb edirlər.

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) avtomobil yollarının bağlanılmasının yolverilməzliyi barədə təşkilatçılara öncədən xəbərdarlıq edib. Bildirilib ki, aksiya iştirakçılarına nəqliyyatın hərəkətinə qəsdən mane olmaq qadağan edilir. DİN ehtiyac yaranacağı təqdirdə ictimai asayişin təmin olunması üçün proporsional güc və xüsusi vasitələrdən istifadə edəcəyini qeyd edib.

Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Həmin gündən aclıq aksiyası keçirən siyasətçi noyabrın 8-də Tbilisinin Qldani türmə xəstəxanasına yerləşdirilib. VMHP liderləri və tərəfdarları onun mülki xəstəxanaya köçürülməsi tələbi ilə artıq bir neçə gündür aksiyalar keçirirlər. Eyni tələblə parlamentin 10 deputatı qanunverici orqanda aclıq aksiyası elan edib.