Gürcüstanda hərbi təlimlər başladı, Azərbaycan da iştirak edir
Gürcüstanda keçirilən “Layiqli tərəfdaş 2022” adlı çoxmillətli hərbi təlim başlayıb.
Qazet.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Vaziani bölgəsində yerləşən hərbi hissələrdən birində təlimin açılış mərasimi keçirilib.
Gürcüstan altıncı dəfə “Layiqli tərəfdaş 2022” çoxmillətli hərbi təlimə ev sahibliyi edir. Beynəlxalq təlimlərə Gürcüstan ordusunun Şərq Komandanlığı və ABŞ-ın Avropa və Afrika Komandanlığı (USAREUR) rəhbərlik edir.
“Layiqli Tərəfdaş 2022” təlimlərinin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühiti təmin etmək üçün Gürcüstan, ABŞ, regional tərəfdaşlar, müttəfiq ölkələr arasında hazırlığı və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqdır.
Bu il təlim tarixində ilk dəfə olaraq Yaponiya və İsveç silahlı qüvvələrinin nümayəndələri iştirak edəcəklər. Çoxmillətli təlimlərdə 2400-dən çox hərbçi iştirak edir. Builki çoxmillətli təlimlərdə iştirak edən ölkələr aşağıdakılardır: Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Litva, Azərbaycan, Almaniya, Bosniya və Herseqovina, Estoniya, Polşa, Yaponiya, Litva- Polşa-Ukrayna Çoxmillətli Briqadası və İsveç Silahlı Qüvvələri.