Bakı 8˚C Showers

Gürcüstanla Anlaşma Memorandumu imzalandı

Siyasət 12:40 18 noy, 2022
Gürcüstanla Anlaşma Memorandumu imzalandı

Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Gürcüstanın Milli Rəqabət Agentliyi ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.

Qazet.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurumun nümayəndələri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Rəqabət və İstehlakçı Hüquqlarının Müdafiəsi” beynəlxalq konfransında iştirak ediblər. 20-dən çox ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli konfrans çərçivəsində təşkil edilən panel müzakirələrdə Xidmətin apardığı islahatlar, yeni yanaşmalar, qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Tədbirdə həmçinin, Dövlət Xidməti nümayəndələrinin tənzimlənən bazarlar üzrə rəqabət siyasəti, istehlakçı hüquqlarının müdafiəsinin hüquqi təminatı, icra mexanizmləri və digər mövzularda çıxışları dinlənilib.

Konfrans çərçivəsində M.Abbasbəyli Gürcüstan Milli Rəqabət Agentliyinin sədri İrakli Lekvinadze ilə görüşüb, əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıb.