Bakı 5˚C Showers

"Onlar insanın nədən zəhərləndiyini heç vaxt yazmırlar" - Eyyub Hüseynov

Eksklüziv 12:00 09 yan, 2023
"Onlar insanın nədən zəhərləndiyini heç vaxt yazmırlar" - Eyyub Hüseynov

TƏBİB-dən verilən məlumata görə, Yeni il ərəfəsində 180 nəfərin qida zəhərlənməsi ilə təcili tibbi yardıma müraciət etdiyi və 4 nəfərin vəziyyətinin ağır olduğu bildirilib. Bu hələ rəsmi müraciət edənlərin statistikasıdır. Rəsmi qeydiyyatdan başqa ehtimal olunur ki, evdə “türkəçarə” ilə müalicə olunan onlarla insan var. Bunlardan biri də elə mənim 4 yaşlı oğlumdur. Bayramın ilk günü qəfil halı pisləşərək qusmağa başladı. Biz əvvəlcə son günlərdə yayılan qrip virusu ilə əlaqəli olduğunu zənn etsək də, uşağın içdiyi meyvə şirəsinin istehsal tarixinə baxandan sonra hər şey məlum oldu. "Al market"dən aldığımız meyvə şirəsinin son istifadə tarixi 09.12.2022-ci il idi.

Uşağı dərhal həkimə apardıq, artıq xəstəxanaya çatanda uşağın halı pisləşmişdi. Nəbzi düşmüş, bədən temperaturu 35-ə enmişdi. Həkim dərhal müdaxilə etdi, Vüsala çətinliklə olsa da, sistem qoşuldu. Bir müddət sonra uşaq özünə gəldi. 

Vaxtı keçmiş şirəni  marketin işçilərinə təqdim etdik və cavabları "bağışlayın səhv etmişik" oldu. Amma, bütün bu saatları biz qorxu, stres içində keçirmişdik. Uşağın sağlamlığı risk altında idi. 

Öz tamahları ucbatından vaxtı keçmiş malları insanlara sataraq, onları zəhərləyən marketlərə hansısa cəza tədbirləri görülməsə, vətəndaşlar buna lazımı reaksiya verməsə, alıcıların hüquqları tam ciddiliyi ilə qorunmasa  bu “biznesmenlər” belə də davam edəcək və hamımızın həyatını təhlükəyə atacaqlar.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı Qazet.az saytına müsahibə verib.

Ekspert əsas günahın həkimlərdə olduğunu qeyd etdi:

"İnsanlar qida zəhərlənməsinə məruz qaldıqda dərhal təcili yardım çağıraraq onlardan arayış almalıdırlar ki, bu vaxt qida zəhərlənməsi olub. Hansı diaqnozla xəstəxanaya yerləşdirilərsə, həkimlər arayış verməlidirlər. Mən 25 ildir istehlakçı hüquqlarını qoruyuram. Lakin, Azərbaycanda bir dəfə də olsun qida zəhərlənməsindən əziyyət çəkən adamın istehsalçı tərəfindən kompensasiya almasını müşahidə etməmişik və onu etdirə bilməmişik. Azərbaycan həkimlərinin əlini kəssən də, qida zəhərlənməsi diaqnozu qoysa da nədən zəhərləndiyini heç vaxt yazmırlar. Çünki, istənilən malın sertifikatı var, dövlət orqanlarından mala sertifikat verilmiş bir müəssisə barədə həkimlər yazmağa qorxurlar. Yazmırlar ki, filan maldan zəhərlənib. 25 ildə bir dəfə də olsa görməmişik ki, zəhərlənmədən ölən insanın ailəsinə kompensasiya ödənilsin. Və yaxud zəhərlənmədən əlil qalan insana kompensasiya verilsin. Əslində isə həkim özündə cəsarət tapıb yazmalıdır, müəyyən analizlər aparmalıdır və xəstənin nədən zəhərləndiyini müəyyən etməlidir. Əgər zəhərlənməyə səbəb olan  qidanın adı yazılarsa, əlbətdə təzminat almaq üçün məhkəmədə iddia qaldırmaq olar. Məhkəmə onu təsdiq etməlidir. Əslində ardıcıllıq belədir ki, həkimin kağızı olmalıdır, bundan sonra məhkəməyə müraciət edilməlidir. Lakin təcrübə göstərir ki, Azərbaycanda bu mümkün deyil".

Gülnar Süleymanova / Qazet.az

"Onlar insanın nədən zəhərləndiyini heç vaxt yazmırlar" - Eyyub Hüseynov