"Həmin kabinet onların yataq otağı deyil" - AÇIQLAMA
Dünən bir çox media platformalarında Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin intim görüntüləri yayılıb.
Təqdim olunan görüntülərin mediada yayılması və şəxsi həyata müdaxilə halı ilə bağlı hüququ müstəvidən media hüququ üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli Qazet.az-a açıqlama verdi.
“Birincisi, medianın bu cür görüntüləri yaymaqda hansı məqsəd güddüyü sualını həmin media orqanına yönəltmək lazımdır. Şəxsi həyat anlayışı və ona müdaxilə məsələsi 2 aspektdən mübahisə predmeti ola bilir. Biri peşə etikası, digəri hüquq baxımından. Hüquq baxımından şəxsi həyat insanın özünə məxsusdur və bu Konstitusiyanın 32-ci maddəsinə əsasən toxunulmazdır. Peşə etikası baxımından isə jurnalist şəxsi həyata ictimai əhəmiyyət daşımayan heç bir müdaxilə etməməlidir. Əgər məkan şəxsi deyilsə, dövlət qurumudursa, şəxslərin iş saatında uniformada qanunsuz, iş qaydalarına, əmək fəaliyyətinə, tabeçilik münasibətlərinə zidd əməllərlə məşğuldursa, bu hal şəxsi həyat anlayışında qorunmur, ictimai əhəmiyyət daşıyır. Çünki dövlət qurumu daxilində baş verirsə, deməli ora ictimai məkandır. İctimai məkanla özəl həyat bir arada ola bilməz”.
Baş verən hadisə ilə bağlı ekspert belə şərh verdi:
“Bu görüntülərin yayılmasını şəxsi həyata müdaxilə kimi qiymətləndirmək olmaz. Düşünürəm ki, bu yanlışdır. Baş verən hadisə ictimai əhəmiyyət daşıyır. Media ictimai əhəmiyyət daşıyan məsələni gündəmə gətirə bilər. Media orqanlarının profil fərqi olur. BBC-də gördüyünüz xəbəri sarı media orqanlarında görə bilməzsiniz. Bunun yayılması ilə bağlı medianın peşəkarlığı və qeyri-peşəkarlığı baxımından mətbuatı günahlandırmaq olmaz. Bu görüntünü mediaya kim təqdim edib? Sual tam ayrı bir müzakirə mövzusudur. Bu görüntüləri kim çəkib? Bu da ayrı müzakirə ola bilər. Amma ortada bir fakt var ki, baş verən hadisə hüquqi aspektdən tabeçilik münasibətləri baxımından, uniforma, onun şərəf, ləyaqəti baxımından müzakirə predmeti ola bilir. Yəni bu qurumlar doğrudan da öz işlərini bir kənara atıb belə işlərlə məşğul ola bilir? Dövlət həmin binaya, kabinetə pul xərcləyir ki, orada lazimi işlər görülsün. Həmin kabinet onların yataq otağı deyil. Əgər yataq otağında baş versəydi, şəxsi həyata aid olardı. Bu hal ictimai məkanda baş verdiyi üçün ictimai əhəmiyyət daşıyır. Burada ictimai maraq olduğu üçün də kimisə maraqlarına uyğun bu xəbəri yayar və yaxud yaymaz. Birmənalı olaraq deyə bilmərik ki, bu özəl həyatdır”.
AZAD NURİYEV