"Hər birimiz üçün əsgərlərimizin silahlarının səsi ən gözəl səslərdən biri sayılır" - Abbasqulu Nəcəfzadə
"Bir çoxları fikirləşirdi ki, yəqin mən bunu görmərəm. Çoxları da dünyasını elə dəyişdi"
Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi.
Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq.
Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 8-ci gündür.
Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru, musiqiçi Abbasqulu Nəcəfzadə Vətən müharibəsi və Azərbaycanın sənət beşiyi Qarabağla bağlı fikirlərini Qazet.az-a müsahibəsində açıqlayıb.
– Vətən Müharibəsinin başladığı ilk günü necə xatırlayırsınız?
– Həmin günlərdə hər birimizin gözündən sevinc yaşları axırdı. Kim deyirsə, ona belə bir şey olmayıb, mən buna inanmıram. Düzdür, çoxlu şəhidlər verdik. Lakin illərdir arzusunda olduğumuz torpaqlara qovuşduq. Bir çoxları fikirləşirdi ki, yəqin mən bunu görmərəm. Çoxları da dünyasını elə dəyişdi. Biz bir daha Şuşanı və digər işğal altında olan torpaqlarımızı görməyəcəyik deyirdik. Çox sağ olsun bizim Ali Baş Komandan və Ordumuz, bu sevinci bizə yaşatdılar. Bizim şəhidlərin ruhu şad olsun, onların valideynləri qarşısında baş əyirik, Allah qazilərimizə can sağlığı versin, sağ-salamat gələn əsgərlərimizi Allah qorusun. Bilirsiniz, Allahın 3 səsdən xoşu gəlir. Birinci, alimin qələminin səsi. İkinci, əkincinin xışının səsi. Üçüncü isə dövlətini, xalqını, millətini qoruyan əsgərin silahının səsi. Hər birimiz üçün əsgərlərimizin silahlarının səsi ən gözəl səslərdən biri sayılır.
– Siz nəfəs alətlərində mahir ustasınız. Ermənilər də balaban alətini “düdük” adı ilə öz alətləri kimi tanıtmağa çalışırlar. Bu istiqamətdə hansı təbliğat aparmaq lazımdır ki, onlar bizim tarixi mədəniyyətimizi öz mədəniyyəti kimi dünyaya tanıtmasınlar?
– Bununla bağlı çoxlu konfranslar keçirilməlidir, elmi tədqiqatlar aparılmalıdır. Bilirsiniz, ermənilər balabanı UNESCO-da öz adlarına təsdiq edəndə erməni aləti kimi qəbul edildi. Bu, çox böyük haqsızlıq idi. Mən o dövrdə mətbuatda çıxış edərək, söylədim ki, mən artıq UNESCO-nun musiqi şurasının alimlərinin alim olmağına şübhə edirəm. Baxın, faktlar var. Lakin bu adamlar heç birini araşdırmadan bunu erməni aləti kimi təsdiq ediblər.Ən qədim ədəbi nümunə Azərbaycandadır. X əsrdə Qətran Təbrizi divanında balaban adından istifadə edib. Ermənistanda X əsrdə hansısa bir erməni yazıçısının bu barədə yazısı varmı? Ümumiyyətlə, onlarda belə bir şey yoxdu. Biz xoşbəxt adamlarıq ki, bizim şair babalarımız sanki bəhsə giriblər, bütün musiqi mədəniyyətini vəsf ediblər. Baxın, Nizami Gəncəvinin 800 illiyi keçirilir. Onun əsərlərində 70-ə yaxın musiqi alətinin adı çəkilir. Bu bizə pasport verir. Qətran Təbrizi balaban adını çəkməklə bizim poetik arxivimizi yaradıb. O, bunu Ermənistanda görüb yazmayıb ki.
Bundan əlavə, digər mənbələr arxeoloji tapıntılardır. Ucarda gümüş qaşlı üzük tapılıb. Üzüyün üzərində balaban ifaçısı təsvir olunur. Bu tapıntının iki mindən artıq yaşı var. Balabanla bağlı bu cür dünyada başqa bir tapıntı varmı? Mən demək istəyirəm ki, təbliğat zəif aparılır.
Gələk, ermənilərin bu aləti düdük adlandırmasına. Bilirisniz ki, düdük sözü bizdə yalançı adama deyilir. Bu alətin Kitabi Dədə Qorqudda adı çəkilir. Bu alət tütəyin prototipidir. Tütəyin səsi ilə balabanın səsi arasında böyük fərq var. Düdük ona görə deyiblər ki, bu alət yalançı quş səsi çıxardır. Ovçular da bundan istifadə edib, quş ovlayırdılar. Mən 1986-cı ildə Yerevanda Tələbə və Gənclərin Birinci Zaqafqaziya Festivalında birinci yeri tutmuşdum. Festivalda bir neçə alət ifa edirdim. Orada jürinin sədri erməni idi, dedi ki, azərbaycanlı balası bizim qədim alətlərdə çox gözəl ifa etdi. Mən də əsəbləşdim. Ona dedim ki, bunların hamısı sizindi? Dedi hamısı bizimdir. Dedim ki, “duduk” nə deməkdir. Bu da dedi ki, “dut”dan (дуть) rus dilində üfürmək sözündədir. Mən isə ona deyirəm ki, bu rus dilindədir, belə çıxır ki rus alətidir. O zaman məndən soruşdular ki, bəs sizin dildə necədir. Mən də onlara düdük alətini izah etdim. Balaban sözünün mənası “kiçik səs” deməkdir. Bizim alimlərimiz yaxşı tədqiqat aparsa da, onlara dəstək yoxdur.
– Siz Qarabağı mədəniyyət beşiyi kimi necə görürsünüz. Bu yaxınlarda da Şuşa “mədəniyyət paytaxtı” seçildi. Bildiyimiz kimi Şuşa tarixi musiqi məktəbidir. Bu məktəbin yenidən bərpası üçün nələr edilməlidir?
– İnanıram ki, yaxın illərdə Şuşa camaatı öz yurdlarına geri dönəcək. Bundan başqa, Şuşa həsrətində olanlar da orada yaşaya bilərlər. Arzu edirəm ki, orada musiqi kolleci, musiqi alətləri hazırlayan fabriklər bərpa olunsun. Mənim bir sıra tanıdığım musiqi aləti ustaları var. Onlar geri dönüb öz yurdlarında bunu davam etdirə bilərlər. Hələ SSRİ zamanında dükanlarda tar,kamança görəndə soruşurduq ki, harada istehsal olunur, deyirdilər Şuşada. Biz də qürur hissi keçirdirdik. İnanıram ki, yaxın gələcəkdə bunlar bərpa olunacaq.
Ülvi Əhmədli