Bakı 12˚C Mostly cloudy

"Hər kəs öyrənməlidir ki, başqalarını əzərək yüksəlmək olmaz" - MÜSAHİBƏ

Eksklüziv 17:00 05 okt, 2022
"Hər kəs öyrənməlidir ki, başqalarını əzərək yüksəlmək olmaz" - MÜSAHİBƏ

Günümüzdə insanların ən çox məruz qaldığı hallardan biri də şiddətdir. Növündən və yaşından asılı olmayaraq dünya bu proseslə mübarizə aparır. Şiddətə məruz qalan insanın yaddaşında və psixologiyasında bu mənfi cəhətdən öz əksini tapır. Ailə və digər növ cəmiyyətlərdə şiddətə müxtəlif formalarda rast gəlinir. Bu isə öz növbəsində insanın yaşayış tərzinə zərbə vurur. Mobbinq də bu şiddət növlərindən biri kimi cəmiyyətdə tez-tez qarşılaşdığımız haldır.

Bu mövzunda Qazet.az-ın müxbiri Azad Nuriyevin müsahibi Uzman Psixoloq Səbinə Bayramova oldu.

No description available.

O, suallarımızı cavablandırmazdan öncə mobbinqin izahı və qısa tarixçəsi barədə danışdı:

Mobbinq termini ilk dəfə 1984-ci ildə Heinz Leyman tərəfindən müəyyən edilmiş və İsveçdən başlayaraq bütün ölkələrin qanunlarına daxil edilmişdir. Mobbinq, bir və ya bir neçə işçini hədəf seçən və hədəfin çarəsiz qoyularaq iş yerindən çıxmasına məcbur edən fasiləsiz təkrarlanan düşmanca münasibət və davranışlara deyilir. Qısaca iş yerində tətbiq edilən psixoloji təzyiqə mobbinq deyilir. Ölkəmizdə mobbingə dair elmi araşdırmalara və statistik rəqəmlərə rast gəlinməsə də bir çox iş sahələrində geniş yayıldığı məlumdur”.

İş yerində şəxsə tətbiq edilən psixoloji təzyiq nələrə səbəb ola bilər?

İş yerində psixoloji təzyiqə məruz qalan şəxslərdə təzyiqin müddəti və şiddəti ilə bağlı psixoloji problemlər: depressiya, yuxu problemləri, narahatlıq, halsızlıq, unutqanlıq, alınqanlıq, susqunluq, pessimist əhval-ruhiyyə, davranış problemləri, qəfil qəzəblənmələr, yaşama arzusunun itirilməsi, çarəsizlik və ya intihar düşüncələri müşahidə olunur. Bəzi insanlarda isə panik ataka, təşviş pozğuntusuna, adaptasiya pozuntusuna, somatizasiya pozuntusuna, posttravmatik stress pozuntusuna (PTSP) səbəb ola bilər. İş yerində mobbingə məruz qalan bəzi insanlar bu mənfi vəziyyətlə mübarizə aparmaq üçün alkoqol, narkotik və ya maddə istifadəsinə müraciət edə bilərlər.

Mobbinqi kimlər tətbiq edir?

Araşdırmalarda mobbinq tətbiq edən insanlarda, antipatik şəxsiyyət xüsusiyyətləri, imtiyazlı və vazkeçilməz olduğuna inanmaq, narsisistik şəxsiyyət xüsusiyyətləri daşımaq və öz qaydalarını bir iş yeri siyasətinə çevirməyə çalışmaq kimi xüsusiyyətlər olduğuna rast gəlinmişdir. Mobbinq tətbiq edən şəxs, onu uğursuz və yetərsiz hiss etdirən şəxsi alçaldaraq özünü yaxşı hiss etməyə çalışar. Əksər hallarda mobbinq tətbiq edən şəxs idarəçi/rəhbər mövqeyində olduğu üçün səlahiyyətlərindən istifadə edərək asanlıqla psixoloji təzyiq göstərə bilər.

Kimlər mobbinqə məruz qalır?

Mobbinq yaşından, mədəniyyətindən və statusundan asılı olmayaraq hər kəsin başına gəlmə riski olan bir vəziyyət olsa da, əslində hər zaman hər kəs hədəf olmaz. Mobbinq qurbanlarını qruplaşdırsaq, birinci qrupda əsasən özgüvəni aşağı olan, münaqişəyə girməkdən qaçan, məruz qaldığı mənfi vəziyyətlər və haqsızlıq qarşısında səsini çıxarmayan insanlardır. Bu qrup insanlar, mobbingə qarşı passiv müqavimət göstərdikləri və şikayətçi olmadıqları üçün mobbinqin dərəcəsi artaraq daha dözülməz vəziyyətə gəlib çatar. Mobbinqin hədəfi olan ikinci qrup insanlar isə tam əksi daha uğurlu, iddialı, aktiv olmağa və gözə girməyə çalışanlardır. Mobbinq tətbiq edənlər, bu şəxsləri öz kariyerasına bir təhlükə olaraq görərlər. Üçüncü qrup insanlar isə uyğun olmayan geyim və ya davranış sərgiləyənlərdir.

Statistikaya görə iş həyatındakı insanların təxminən 40-80 faizi mobbinqə məruz qalmaqdadır. Bu rəqəm İngiltərədə 48, Almaniyada 11 faiz təşkil edir. Hətta İsveçdə qeydə alınmış bütün intiharların 20 faizinin qaynağı mobbinq olaraq müəyyən edilmişdir. ABŞ-da aparılan araşdırmalara görə isə işləyən qadınlar işləyən kişilərdən daha çox mobbinqə məruz qalmaqdadırlar.

Mobbinqə qarşı necə mübarizə aparmaq olar?

Mobbinqlə mübarizənin ilk addımı bu mövzuda məlumatlı olmaqdır. Mobbinqlə bağlı şikayətlərinizi məsul şəxslərlə danışmaq, narahatlıqlarınızı dilə gətirmək və iş mövzusunda sizə edilən xəbərdarlıqları yazılı şəkildə istəmək lazımdır. Mobbinqə məruz qalan şəxslərə narahat olduğu vəziyyətlərdə etiraz etməyi öyrənmək, “yox” deməyi öyrənmək, özgüvənini inkişaf etdirmək, lazım gələrsə psixoloji dəstək almaq kömək edəcəkdir. Mobbinqə məruz qalan şəxsdə ciddi psixoloji problemlər yaşama riski olduğu üçün mübarizə bacarıqları əldə etməsi çox vacibdir. Yaşadığı mobbinqi xüsusilə peşəkar psixoloji dəstək ala biləcəyi mütəxəssislərlə paylaşması, şəxsin stressi idarəetməsi, özünümüdafiəsi ilə bərabər güclü tərəflərini tanımağa və sağlam sərhədlərinin olmasına kömək edəcəkdir.

Mobbinqin qarşısının alınması üçün iş yerlərinin də tətbiq etməsi gərəkən qaydalar var. İş yerinin şəffaflığı, demokratik qərarlar, əmək bölgüsü, əməkdaşlıq tələb edən rolların mövcudluğu və iş mühitinə komanda ruhunun gətirilməsi işçilər arasında qarşılıqlı münasibəti müsbət yöndə inkişaf etdirmək üçün olduqca təsirlidir. İşçilərin iş mühitində özlərini rahat ifadə edə bilmələri, mühakimə olunma və alçaldılma təşvişinin qarşısının alınması baxımından vacibdir. Ən mühüm sanksiya olan iş yerində psixoloji təzyiqin qarşısını alacaq etik qaydalar müəyyən edilməli, ciddi şəkildə tətbiq edilməli və bu qaydalara nəzarət edilməlidir. İş yerlərində vaxtaşırı profilaktik işlərin aparılması və işçilərin peşəkar təlimçilər tərəfindən maarifləndirilməsi önəmlidir. Eyni zamanda müəssisələrdə mobbinqlə bağlı hüquqi müraciətlərin qarşısı alınmamalı, ədalətin bərqərar olmasına mane olunmamalıdır. Mobbinqdən sadəcə mobbinq tətbiq edən şəxs deyil, qurumun da məsuliyyət daşıdığını unutmamaq lazımdır.

Bir çox yanlış davranışlarda olduğu kimi mobbinqin qarşısının alınması uşaqlıqdan etibarən bəzi qaydaları öyrənməklə başlayır. Hər kəs öyrənməlidir ki, başqalarını əzərək yüksəlmək olmaz. Başqalarını əzərək yüksəlmənin gətirdiyi yaxşı hiss etmək duyğusu keçicidir və heç bir zaman qalıcı olmaz. Ən vacib münasibət, özünüz ilə olan münasibətinizdir. Əgər özünüzlə yaxşı münasibət qura bilmirsinizsə, başqaları ilə yaxşı bir münasibət qurmağınız mümkün deyil. Zorakılıq, özünüzü daha yaxşı hiss etməyinizi müvəqqəti olaraq təmin etsə də, özünüz ilə olan münasibətiniz heç bir zaman düzəlməyəcəkdir.