"Bu qayda şagirdlərin şəxsiyyətini alçaldacaq" - Ekspert nazirliyin qərarına qarşı çıxdı
Bu yaxınlarda məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı inzibati cəza növləri müəyyənləşdirilib.
Bu cəza tədbirinin bəziləri valideynlər və şagirdlər arasında müəyyən suallar yaradıb.
Məsələn, davranışa görə tətbiq ediləcək cəzaların sırasında "uzaqlaşdırma" da nəzərdə tutulub. "Uzaqlaşdırma" dedikdə şagirdin birdəfəlik məktəbdən kənarlaşdırılması nəzərdə tutulur? Əgər elədirsə, həmin şagirdin gələcək aqibəti necə olacaq? Sarı, narıncı, qırmızı məktub xəbərdarlığının mahiyyəti nədən ibarət olacaq? Bu cəza hansı yaş kateqoriyalarına aid edilir?
Təhsil eksperti Kamran Əsədov Qazet.az-ın müxbiri Gülnar Süleymanovanın bu suallarını cavablandırıb.
"İlk növbədə qeyd edim ki, hazırda Azərbaycanın 4432 orta məktəbində 1,6 milyon şagird təhsil alır və bu şagirdlərin 500 min nəfəri paytaxt Bakının payına düşür. Etiraf edək ki, son illər orta ümumtəhsil məktəblərində şagirdlərin birbaşa iştirakı ilə baş verən nizam-intizam qaydalarının pozulması, tədris prosesinin gedişinə açıq müdaxilələr bu istiqamətdə, yəni şagirdlərin tədris prosesinə cəlb edilməsində baş verə bilən neqativ halların aradan qaldırılması istiqamətində iş aparmağı zəruri edirdi. Amma müvafiq qurum Elm və Təhsil Nazirliyi məhz bu istiqamətdə atdığı atdım, yəni təklif etdiyi layihə tədris prosesinin gedişinə müsbət nəticə göstərməyəcək, əksinə mövcüd problemləri daha da artıracaq. Elm və Təhsil Nazirliyi tərəfindən təklif edilən bu layihəni təhlil edəndə biz görürük ki, burada Azərbaycanın qoşulduğu konvensiyalara, eyni zamanda mövcüd qanunvericilik aktlarına kifayət qədər ziddiyətli təkliflər var. Bilirsiniz ki, 2009-cu ildə qəbul edilmiş təhsil haqqı da qanuna, 2011-ci ildə qəbul edilmiş orta ümumtəhsil məktəblərinin nümunəvi nizamnamələrinə görə, məktəbdaxili nizam-intizam qaydaları məktəb tərəfindən müəyyənləşdirilə bilər. Amma burada təbii ki, şagirdin təhsil alma hüququ, vicdan azadlığı və digər hüquq və azadlıqları heç bir halda məhdudlaşdırıla bilməz. Xüsusu ilə heç bir halda yol verilmir ki, təhsil alma hüquqi bu və ya digər formada məhdudlaşdırılsın.
Orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin yaş xüsusiyyətini nəzərə alsaq başa düşərik ki, onların birbaşa olaraq cəzalandırılması həm insan hüquqlarına ciddi şəkildə ziddir, həm də mövcud qanunvericiliyə. Hətta bizim UNİCEF, BMT tərəfindən qoşulduğumuz konvensiyalara da zidddir. Elm və Təhsil Nazirliyi tərəfindən təklif edilən layihəni biz ayrı-ayrılıqda təhlil edtikdə kifayət qədər suallar ortaya çıxır. Belə ki, intizam tənbehinin növlərini müəyyənləşdirmək. Bilirsiniz ki, təhsil işçilərinin vahid ştat cədvəlinə görə, orta ümumtəhsil məktəblərində pedaqoji heyət var, texniki heyət var və rəhbərlik heyəti var. Pedaqoji heyət müəllimlərdir, onlar dərslərini deyib gedirlər, rəhbər heyət idarəetmədədir, texniki heyət də ki, texniki işlərlə məşğuldur. Burada şagirdlərin cəzalandırılması üçün yaxud da cəzanın müəyyən edilməsi üçün mexanizm həyata keçirilməlidir. Bunu kim həyata keçirəcək? Bu, problemdir.
Layihənin digər təkliflərindən biri məktəbdə şuraların yaradılmasıdır. Yəni bu intizam şuraları kifayət qədər hüquq pozulmasına gətirib çıxaracaq. Nəzərə alsaq ki, məktəblərdə minumum 100 şagird var. Ölkənin 51 faiz məktəbində şagird sayı 200-dən çoxdur və cəmi onların 6-7 nəfə inzibati şuranın üzvü valideyn olacaq ki, o da yalnız kimlərəsə yaxın olan,məsələn direktora yaxın olan şəxslər təyin olunacaq ki, bu da şagirdlərin əsassız cəzalandırılmasına gətirib cıxara bilər.
Bir-bir baxırıq ki, bütün intizam tənbehlərinin hər biri xəbərdarlıq xarakterlidir. Sadəcə olaraq kimsə bu layihəni ingilis, türk yaxud digər dillərdən götürüb, "google translate"də yaxşı tərcümə edə bilməyib. Və bu da onu göstərir ki, məktəb daxili nizam-intizam qaydalarından, pedaqoji şuradan bu layihəni hazırlayanın xəbəri yoxdur. Məktəbdə pedaqoji şura var və pedaqoji şuranın üzüvlərindən biri də valideyndir. Onsuzda məktəbin idarəetməsinə valideyn təmsil olunursa ayrica bir intizam şurasının yaradılmasına nə ehtiyac var? İkincisi, orada intizam tənbehlərindən biri məktəbin şagirdi məktəbdə saxlamasıdır. Birincisi ixtiyar vermir ki, uşağı kimsə məktəbdə saxlasın. Hətta hüquq-mühafizə orqanlarının özü belə hər hansı bir pozuntuda əli olan şəxşi 3 saatdan artıq saxlaya bilməz. Tutaq ki, uşağı saxladılar məktəbdə. Buna kim nəzarət edəcək, onun təhlükəsizliyinə kim zamanət verəcək? Məktəbdə bütün otaqlarda dərslər keçirilir. Direktorun otağı inzibati otaqdır. Uşağı harada saxlayacaqlar? Digər qanun, məsələn şagirdlə söhbət. Onsuz da bu qanunvericilikdə nəzərdə tutulub. 2014-cü ildə qəbul edilmiş təhsil işçilərinin vahid sorğu kitabçasına görə, müəllimin vəzifələrindən biri də şagirdlərlə bu istiqamətdə söhbətlərin aparılmasıdır. Burada kartların verilməsi, (sarı kart, qırmızı kart) yəni bunların hər biri əlavə işdir və məktəbdə ciddiyəti aradan qaldıracaq. Bu günləri hər hansı bir şagirdi cəzalandırmağa çalışanda onun şəxsiyyəti alçaltmış olunacaq və bu da onun məktəbə, müəllimə qarşi aqresiyasını artıracaq. Ümumiyyətlə bu layihə tam əsassızdır və bunun məktəblərdə iştirak olması mümkün deyil. İnzibati qaydada cəzalandırma tədrisin keyfiyyətinə heç bir halda müsbət təsir göstərə bilməz, bu ən yalnış yanaşma tərzidir. Burada sarı kartın, narıncı kartın, qırmızı kartın nəzərdə tutulması onu göstərir ki, biz məktəbdə ciddiyəti qoyacayıq qırağa, tədrisi qoyacayıq kənara ancaq hərə əlində bir dənə kart bir-birinə kart göstərməklə məşğul olacaq. Tədrislə məşğul olmağa adam qalmayacaq. Hər kəs bir-birilə oyun oynayacaq. Yenə də deyirəm bu çox qeyri-ciddi bir məsələdir və bu dəyişikliyin həyata keçirilməsi məktəbə qarşı aqressiv münasibət yaradacaq, şagirdlərin şəxsi həyatını alçaldacaq, eyni zamanda valideynlərin də bu məsələyə qoşulması məktəbdaxili münasibətləri daha da çətinləşdirəcək. Hesab edirəm ki, mövcud qanunvericiliyi daha işlək vəziyyətə gətirsək bizim üçün daha effektivdir. Bu təklif müsbət qəbul edilə bilməz. Digər tərəfdən onsuz da məktəblərdə psixoloq var və psixoloqlara imkan vermək lazımdır ki, işləsinlər. Uşaqlarla psixoloji testlər aparsınlar, psixoloji vəziyyəti gərgin olan şagirdlər həmyaşıdları ilə normal olmayan şagirdləri təbii ki, psixoloqa cəlb edib onlarla fərdi iş aparmaq lazımdır. Amma bunu ümumi nümayişkəranə şəkildə etmək şəxsiyyətin alçaldılmasıdır, tədris keyfiyyətinə əsassız müdaxilədir. Bu heç bir halda müsbət nəticə verməyəcəkdir".