Bakı 21˚C Sunny

"Heyif bizim o sovet filmlərimizdən, indi kino-film sektoru yox səviyyəsindədir" - Aqil Nağıyev - EKSKLÜZİV

Eksklüziv 15:35 24 sen, 2021

Sovet filmində bizə ancaq real hadisələr verilirdi

"Heyif bizim o sovet filmlərimizdən, indi kino-film sektoru yox səviyyəsindədir" - <span style="color:red">Aqil Nağıyev - EKSKLÜZİV</span>

2017-ci ildən film sahəsində olan kinorejissor Aqil Nağıyev Qazet.az-a Azərbaycan kino-film sektorunda olan bəzi nöqsanlar haqqında danışıb.


Rejissor “Anbar”, “Dosye99”, “Qanlı Dalan”, “Arena”“Dementia” kimi filmləri ərsəyə gətirib.

 

–  Elə bir filminiz olubmu ki, çəkdiyinizə peşman olmusunuz?

– Xeyr olmayıb. Çünki bu hallar daha çox beynəlxalq arenada olan rejissorlarda müşahidə olunandır. Onlar tamaşaçılar, tənqidçilər tərəfindən qınana bilirlər və nəticədə rejissor bu qərara gəlmiş olur. Məndə elə bir şey olmayıb, çünki bu sahə Azərbaycanda o qədər də yüksək inkişaf etməyib və elə sərt qınağa tuş gəlməmişəm. Məncə hər bir rejissor bir filmlə bir çox şeylər öyrənir və növbəti filmində həmin səhvləri aradan qaldırır.

 

–  Azərbaycanda sizcə problem tamaşaçılardadır, yoxsa kino istehsalçılarında?

–  Tamaşaçı elə bir kütlədir ki, onlara nə təqdim etsən, ona da baxacaqlar. Məncə hamı bununla razılaşar, hardasa bu rejissorlardan asılıdır. Sadəcə biz bu sovet filmlərindən çıxmış ölkəyik deyə, izləyicilər daha çox həmişə deyirlər ki, “heyif bizim o sovet filmlərimizdən”, “heyif bizim o rejissorlarımızdan”. Sovet filmində bizə ancaq real hadisələr, məişət problemli filmlər, dramlar təqdim olunurdu, ona görə tamaşaçı oradan çıxa bilmir. Məsələn, fantastik bir film, reallığa uyğun olmayan filmlər çəkəndə, o kütlə üçün artıq maraqsız olur. Çünki onlar sovet filmlərinə o qədər baxıblar ki, bizim çəkdiyimizi bəyənmirlər. Onlar istəmirlər ki, bir növ xaricilər kimi çəkməyə başlayaq. Məsələn, bizim də fantastikamız olsun, bizim də mafiya kinomuz olsun, bizim də qatillərdən ibarət və yaxud komiks tərzli kinolarımız olsun, super qəhrəmanlığa aid filmlərimiz olsun. Mənə elə gəlir ki, bu vaxt bir az alacaq. Həm də ki, məhsul azdır. Məhsul daha çox olsa, bu sahə genişlənsə, izləyicinin bir çox seçimi olacaq. Bu sahədə rəqabət yoxdur, o da pisdir. Rəqabət olmalıdır ki, bu sahə genişlənsin. Genişlənmə yoxdur, məsələn dram üzrə iki-üç filmimiz var, fantastika demək olar heç yoxdur, qorxu filmi dörd-beş dənədir, döyüş filmləri demək olar yoxdur, mafiyalar ancaq seriallardadır. Bir dənə inkişaf eləyən komediyadır, o da pandemiyadan əvvəl idi.  İndi o sahə də bir az sönüb. Baxıram ki, bir növ dirçəliş üçün vaxt tələb olunur. Bir də birlik yoxdur, birlik olsa hamı dəstək olsa, daha çox layihələr ortaya çıxar. Peşəkarlar birləşərsə, daha yaxşı layihələr ortaya çıxar.

 

– Ölkəmizdəki kino-film sektoru sizi qane edirmi? 

– Əlbəttə ki, qane etmir. Dediyim kimi, heç bir rəqabət yoxdur, hətta seriallarımızda məhsul azdır, işlər çox azdır. Hətta mən bilirəm ki, o qədər layihələr başladılıb və bəzi problemlərə görə, büdcəyə görə yaxud digər problemlərə görə sona çatdırılmayıb. Yəni belə bir hallar olmaz, elə bil məsuliyyət daha azdır. Daha çox məsuliyyətli, daha çox işini sonuna yetirən insanlar olsa, daha yaxşı olar. Həm də yəqin ki, motivasiya da yoxdur. Motivasiyada büdcənin rolu çoxdur. Belə ki, aktyorun, texniki işçilərin, ssenarist və rejissorların maaşı çox olsa əlbəttə ki, daha motivasiyalı işlər görərlər. Amma o yoxdur deyə, hamı az büdcə ilə qane olur və qane olmaqları da sual altındadır. Nəinki mən, bütün Azərbaycan izləyicisi bir nəfəsdə deyə bilər ki, razı deyillər. Çünki kino-film sektoru yox səviyyəsindədir.

 

– Çəkdiyiniz film və treylerlərdə cəmiyyətə, insanlara hansı sosial mesajı çatdırmağa çalışırsınız?

– Kinonu mən mesaj, informasiya kimi həmişə qəbul eləmişəm. Ona görə də, elə bir film yoxdur ki, orada mesaj olmasın. Hətta zəif ssenari olan filmdə də, yaradıcı yəqin ki, nə isə izləyiciyə çatdırmaq istəyər. Zəif şəkildə də olsa, dramaturgiyası zəif olan ssenarilərdə də kimsə nəsə eləyir və ibrət götürmək olur. Mən həqiqi, real hadisələr üzərində yox, təxəyyül olan bir dünya, Azərbaycana oxşar parallel bir dünya yaratmışam. Filmlərdəki hadisələr vasitəsilə sosial mesajlar yaratmışam. Diqqətlə baxan izləyicilərin bəziləri öz həyatlarında olan hadisələr ilə rastlaşıblar. Hər filimdə gizlədilmiş sosial mesaj var.


–  Rejissor tələbə uyğun film çəkməlidir yoxsa tələbi özü formalaşdırmalıdır?
– Bu, bir az qəliz sualdır, çünki dünya səviyyəsində kommersiya filmləri var və festival filmləri var. Misal üçün, Ceylan, Tarkovskiy kimi rejissorlar heç vaxt kommersiya filmlərini çəkməyə can atmayıblar. Onlar ən çox dramaturgiyaya işləyiblər,  bir incəsənət şedevri kimi yaratmaq istəyiblər və öz filmlərini yaradıblar. Ona görə mənə elə gəlir ki, rejissordan asılıdır. Kommersiya rejissoru Azərbaycanda olmasa da, xaricdə produsserlərlə mübahisə nəyə görə başlayır? Sırf ona görə ki, kinoprodusserlərin məqsədi ancaq kommersiyadır, gəlir əldə etməkdir, kassadır. Amma rejissorların məqsədi odur ki, gözəl bir şəkil yaratsın, şəkildən əsər yaratsın, hamı ona baxsın. Amma kinoprodüsser bəzən elə şeylərə fikir vermir. Ancaq tələblərə uyğun bir layihə istəyir. Ona görə də mübahisə orada yaranır. Çünki o artıq əsərdən çıxış olur, daha çox tələb olunan məhsul kimi gündəmə gəlir.

 

–  Köhnə Azərbaycan filmlərində olub, yeni Azərbaycan filmlərində olmayan və tamaşaçını qane etməyən nədir?

– Kino dili. Çünki sovet filmlərinə baxanda görünür ki, orada kino dilinə əməl olunur. Hətta ara sözlər olanda da, səslənir. Bilmirəm indi dilimiz dəyişib, daha çox ara sözlər istifadə olunur. Bizdə ən çox rus və türk dilində dublyajda olan filmlərə baxırlar. İndi rus və türk dublyajında o qədər peşəkar işləyirlər ki, artıq bizim öz dilimiz bizə qəribə gəlir. Bəzən görürəm deyirlər ki, “filan kinoda süni danışırlar”. Halbuki, o kinoda süni deyil, sadəcə olaraq biz öyrəşməmişik. Misal üçün, bizim dildə mafiya bir-biri ilə danışanda çox izləyici irad tutur ki, belə olmur axı. Halbuki, özü də real həyatda mafiya bir-biri ilə necə danışdığına qulaq asmayıb. Amma türklər, ruslar – onlar artıq öyrəşib. Onlar izləyicini o qədər öyrəşdirib ki, onlara o süni gəlmir. Məncə əsas kino dilidir.

 

–  Aldığımız məlumata görə, çəkdiyiniz film və treylerləri öz hesabınıza ərsəyə gətirirsiz. Bu addımı atmaqda hədəfiniz nədir?

– Düzdür, dəstək olunub, amma əksər büdcə mənim özümdəndir. Sadəcə olaraq mən Azərbaycan izləyicisinə belə janrlı filmlər hədiyyə edirəm. Məqsəd sadəcə budur.

 

– Bir aktyorun peşakar olub-olmamasının rolda hansısa bir fərqi varmı?

– Peşakar aktyorlarda məsuliyyət olur, buna iş kimi baxırlar. Amma həvəskar və qeyri-peşəkarlar buna  əyləncə kimi baxıb məsuliyyətsiz yanaşma edirlər. Bu, həm çəkilişi axsadır, həm də çəkilişdə maneələr yaratmış olur. Peşəkarlarla da çəkilişim olub, qeyri-peşəkarlarla da və ərsəyə gələn filim arasında dərin bir fərq olub. Amma mən hər zaman çalışmışam ki, qeyri-peşəkarlara da şans verim və bir çox filmlərdə rollara qeyri-peşəkarları yönləndirmişəm. Nəticədə buna görə izləyici tərəfindən tənqidlər də almışam.

 

–  Bu sahəyə yeni atılmış şəxslərə öz təcrübələrinizdən hansı tövsiyələri verərsiniz?

– İlkin olaraq məsuliyyət olmalıdır, təşkilati dəstəyini düzgün qurmalıdır. Cənab rejissorlar bilməlidir ki, kreativlik çox önəmlidir. Çünki elə çətin vəziyyətə düşə bilərlər ki, buradan çıxış yolu ancaq kreativlik ola bilər. İşini sevən hər kəs bir yerdə uğur qazanır.

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.