HİV vaksini heyvanlar üzərində uğurla sınaqdan keçirilib
Peyvənddən sonra 58-ci həftədə bütün peyvənd edilmiş heyvanlarda HİV infeksiyasının əksər ştammlarına qarşı anticisimlər yaranıb
ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) alimləri HİV-ə qarşı peyvəndin uğurlu sınağını həyata keçiriblər.
Qazet.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilir.
Preparat Qərbin koronavirusa qarşı peyvənd istehsalında istifadə edilən mRNA texnologiyasından istifadə etməklə hazırlanıb. Peyvənddən sonra 58-ci həftədə bütün peyvənd edilmiş heyvanlarda HİV infeksiyasının əksər ştammlarına qarşı anticisimlər yaranıb. Qeyd edilir ki, tətbiq olunan mRNT dozaları yüksək olsa da, peyvənd ancaq iştahsızlıq kimi yüngül müvəqqəti yan təsirlərə səbəb olub.
İki həftə sonra alimlər meymunları kimerik virusla yoluxdurublar. Həftəlik aralıqlarla 13 yoluxma cəhdindən sonra, immunlaşdırılmış yeddi makakadan ikisi yoluxmayıb. Digərləri isə orta hesabla səkkiz həftə sonra yoluxub.
Bunun əksinə olaraq, nəzarət qrupundan olan immunlaşdırılmamış heyvanlar orta hesabla üç həftədən sonra yoluxublar.
Hazırda alimlər test protokollarını düzəldirlər. Peyvəndin təhlükəsiz və effektiv olduğu sübut olunarsa, sağlam yetkin insanlarda birinci faza sınağı elan ediləcək.