"İçimizdə daima o hiss olub ki, biz Şuşanı azad edəcəyik" - Hikmət Mirzəyev
Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev Şuşa döyüşünün bəzi detallarını açıqlayıb
Vətən müharibəsinin sonuncu əməliyyatı olan Şuşa döyüşü Azərbaycanın torpaqlarını işğaldan azad etməsinin əsas simvoluna çevrilib.
Qazet.az xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev bu döyüşün bəzi detallarını açıqlayıb.
"Şuşa əməliyyatını biz planlaşdırdıq. Digər rayonların azad edilməsindən fərqli olaraq, mənim tərəfimdən Şuşa əməliyyatında bəzi xüsusi tələblər qoyulmuşdu. Əsas fikir, diqqət, güc ancaq tapşırıqların yerinə yetirilməsinə cəmləşdirilmişdi”, - deyə XTQ komandanı bildirib.
Hikmət Mirzəyev əməliyyatın uğurlu keçəcəyinə əvvəlcədən inandığını qeyd edib:
"İçimizdə daima o hiss olub ki, biz Şuşanı azad edəcəyik. O inam bizdə olub. Mən hətta bir çox rəhbər heyətinə də əməliyyatların başlanması anından bir neçə saat sonra məruzə etmişəm ki, hansı vaxtda oranı biz ələ keçirəcəyik. Hadrut və Füzulini ələ keçirdikdən sonra, gecə-gündüz yerdən və havadan Şuşanın kəşfiyyatını apardıq. Əməliyyatın ilk günü tam əmin idim ki, Şuşanı biz təmizləyəcəyik. Bununla bağlı hətta Müdafiə Nazirliyində bir-iki nəfərə də bunu qeyd etmişdim”.