Bakı 6˚C Intermittent clouds

İctimai TV-nin Baş direktoru Yayım Şurasına hesabat verdi - FOTO

Xəbərlər 21:50 19 mar, 2022

Şirkətin 2021-ci il üzrə fəaliyyətinə dair hesabatın müzakirəsi və ştat cədvəlində dəyişiklik edilməsi barədə məsələyə baxılması nəzərdə tutulub

İctimai TV-nin Baş direktoru Yayım Şurasına hesabat verdi - FOTO

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib.

Qazet.az xəbər verir ki, iclası giriş sözü ilə açan Yayım Şurasının sədri, akademik Muxtar İmanov bildirib ki, gündəlikdə Şirkətin 2021-ci il üzrə fəaliyyətinə dair hesabatın müzakirəsi və ştat cədvəlində dəyişiklik edilməsi barədə məsələyə baxılması nəzərdə tutulub.

Sonra İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Balakişi Qasımov hesabat dövründə görülmüş işlər barədə məlumat verərək bildirib ki, ötən müddətdə İctimai Televiziya verilişlərin məzmun keyfiyyətini artırmaqla yanaşı, Cənubi Qafqazda ilk dəfə texnoloji yeniliklərin tətbiqinə nail olub. Bir sıra verilişlər virtual studiyadan yayımlanmağa başlayıb. Yeni studiya dünyanın ən inkişaf etmiş telekanallarının yararlandığı son model texnologiyalar əsasında qurulub. Verilişlərin dekorasiyaları “Unreal engine” proqramları vasitəsilə gerçəkləşir ki, bu proqramlar verilişlərdə yeni zənginləşdirilmiş, virtual görüntülər, reallıqlar yaradır.

Baş direktor deyib ki, İctimai TV-nin efirində beynəlxalq əhəmiyyətli, lisenziyalı layihələrin sayı artıb. Məqsəd müasir televiziya verilişlərinin hazırlanaraq ictimaiyyətə təqdim edilməsi, intellektual proqramlarla bütövlükdə cəmiyyətin, onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarına xidmət etməkdir. Verilişlərində həyatın müxtəlif sahələrinə dair aktual məsələlərin ictimai yayım xidmətinin operativ, tərəfsiz, qərəzsiz, plüralizm, dözümlülük, rəngarənglik və başqalarından fərqlənmə prinsiplərinə uyğun müasir formatda müzakirəsinə, doğru məzmunlu, tarazlaşdırılmış informasiyaların təqdimatına xüsusi önəm verən İctimai TV proqramlarını daim müasir keyfiyyət və texniki standartlara uyğun yayımlamağa çalışır.

İclasda ayrı-ayrı verilişlər və həyata keçirilməsi planlaşdırılan layihələr haqqında ayrıntılı müzakirələr aparılıb. Yayımlanmış məzmunların ictimai əhəmiyyəti, aktuallığı və sosial şəbəkələrdə yüksək reytinq göstəricilərinə də toxunulub, baxış sayına görə aylıq hesabatlarda daim ilk yerləri tutması xüsusi qeyd edilib.

Həmçinin bildirilib ki, Sony Pictures, BBC, Discovery və digər məşhur şirkətlərin istehsalı olan ən baxımlı bədii, sənədli filmləri, lisenziyalı xarici serialları peşəkar dublyajla yayımlayan İctimai TV tamaşaçılara özünün istehsalı olan seriallar da təqdim edir.

Baş direktor İctimai Teleradionun texniki imkanları, yerləşdiyi binanın təmir-tikinti işləri, yeni studiyaları haqqında da danışıb. Qeyd edilib ki, İctimai TV-nin köhnəlmiş binasının bir hissəsi artıq müasir formada təmir olunaraq istifadəyə verilib. Burada yaradılan şərait əməkdaşlara öz vəzifələrini rahat və tələb olunan müasir səviyyədə icra etməyə imkan verir.

Toplantıda Baş direktorun 2021-ci il üçün maliyyə hesabatı da dinlənilib.

Müzakirələr zamanı çıxış edən Yayım Şurasının sədri Muxtar İmanov, Şura üzvləri – Zemfira Qafarova, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova, Salman Musayev İctimai Teleradioda həyata keçirilən layihələri, müasir beynəlxalq təcrübənin tətbiqini və planlaşdırılan işləri yüksək qiymətləndirib, öz fikir və təkliflərini səsləndiriblər.

Toplantıda 2022-ci ilə nəzərdə tutulan planlar, İctimai TV tərəfindən lisenziyası alınmış layihələr, xarici bədii filmlərin Azərbaycan dilində dublyajının təşkili, yayımlanması və digər cari məsələlər haqqında fikir mübadiləsi də aparılıb.

İclasda, həmçinin Şirkətin ştat cədvəlində dəyişiklik edilməsi məsələsinə baxılıb və iş əmsalının daha da yüksəldilməsi məqsədilə müvafiq qərar qəbul olunub.