Bakı 30˚C Sunny

III rübdə qlobal şirkətlər rekord həcmdə dividend ödəyiblər

Gündəm 13:15 19 noy, 2021

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 % çoxdur və üçüncü rüb üçün rekord göstərici sayılır

III rübdə qlobal şirkətlər rekord həcmdə dividend ödəyiblər

Dividendlərin qlobal həcmi bu ilin 3-cü rübündə 403,5 milyard ABŞ dolları təşkil edib.

Qazet.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın “Janus Hendersen” investisiya şirkətinin hesablamalarına görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 % çoxdur və üçüncü rüb üçün rekord göstərici sayılır.

Üçüncü rübdə ABŞ şirkətlərinin dividendlərinin həcmi rekord həddə - 130,7 milyard ABŞ dollarına çatıb. Hesabat dövründə dividendlərin həcmi maliyyə sektorunun hesabına 10 % artıb. Belə ki, “Morgan Stanley” bu ilin yayında rüblük dividendləri hər səhm üçün 70 sentə kimi qaldırdı. Tədqiqatın əhatə etdiyi ABŞ-dakı şirkətlərin 97 %-i üçüncü rübdə cari dividendlərin həcmini ya artırıb ya da sabit olaraq saxlayıb. Ən yüksək dividend verənlərin arasında “T&T Inc.”, “Apple Inc.”, “Microsoft Corp.” və “Exxon Mobil” var.

Yaponiyada dividendlərin həcmi 26 %, Asiya-Sakit okeanı regionunda “gün doğan ölkəni” çıxmaq şərtilə - 38 %, Böyük Britaniyada - 90 % artıb. İnkişaf etməkdə olan bazarlarda bu göstərici 31 % artıb. Eyni zamanda Avropada dividendlərin həcmi 34 % azalıb. III rübdə Avropa şirkətlərinin dividendlərinin yalnız 10 %-i ödənilib.

Şirkət bu il üçün dividendlərin həcminə dair proqnozunu 2 %-ə yaxın artıraraq rekord göstəriciyə - 1,46 tirlyon ABŞ dollarına çatdırıb. Ötən il dividendlərin qlobal həcmi 2019-cu ilə nisbətən 12 %-ə yaxın azalaraq 1,3 trilyon ABŞ dolları olub.

Xatırladaq ki, “Janus Hendersen” rüblük əsasda səhmləri bazarda ticarət olunan 1,2 min ən iri qlobal şirkətin məlumatları əsasında dividendlər barədə tədqiqat dərc edir.