"İkinci Qarabağ müharibəsi xalqımızın özünə inamını qaytardı" - Anar Rzayev
Qardaş Türkiyənin yanımızda olması və mənəvi dəstəyi qələbəmizin rəhni oldu
Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi.
Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq.
Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 29-cu gündür.
Azərbaycanın xalq yazıçısı Anar Rzayev şanlı zəfərimiz, Birinci və İkinci Qarabağ müharibələri ilə bağlı fikirlərini Qazet.az-a müsahibəsində paylaşıb.
– Müharibənin olacağını və bizim qələbəmizi gözləyirdinizmi?
– İşğal olunmuş torpaqlarımızın mütləq azad ediləcəyinə, Azərbaycanın ərazi bütövlüyünün hökmən bərpa olunacağına bir an belə şübhəm olmayıb. Amma bunun haçan və nə yolla olacağı barədə müxtəlif fərziyyələrim vardı.
– Müharibənin ilk gününü, 27 sentyabrın səhərini necə xatırlayırsınız. Sizi hansı hisslər bürümüşdü?
– Tarixi günlərin şahidi olduğumuzu dərk edirdim. Bu çətin savaşdan şərəflə və zəfərlə çıxacağımıza ümid bəsləyirdim.
– Birinci Qarabağ Müharibəsi və İkinci Qarabağ Müharibəsi zamanı cəmiyyətimizin reaksiyasını və dövlətimizin vəziyyətini necə xatırlayırsınız?
– Birinci Qarabağ müharibəsini bütün cəmiyyətimiz kimi mən də acı təəssüf hissləriylə xatırlayıram. Daxili hərc-mərclik, hakimiyyət uğrunda çarpışma, ordumuzun yetərincə formalaşmaması və silahlanmaması, ermənilərin açıq təcavüzünə dünyanın biganəliyi, təklənməyimiz nəticəsində az qala ümidsizliyə və bədbinliyə qapılırdıq. İkinci Qarabağ Müharibəsi zamanı bunun tam əksini yaşadıq – torpaqlarımızın kənd-kənd, şəhər-şəhər azad olunduğunu bildikcə sevinc, qürur hissi keçirirdik. Prezident, Ali Baş Komandanın əzmi, iradəsi, vaxtını və məqamını dəqiq düşünülmüş addımları, ən müasir silahlarla təmin olunmuş ordumuzun müzəffər döyüşləri, əsgərlərimizin misli görünməmiş qəhrəmanlığı, xalqın sarsılmaz birliyi, qardaş Türkiyənin yanımızda olması və mənəvi dəstəyi qələbəmizin rəhni oldular.
– İkinci Qarabağ müharibəsi sizcə xalqımıza necə təsir etdi?
– Xalqımıza özünə inamı qaytardı, millətimizin qürur hissini yüksəltdi. Xalq azğın düşmənə qarşı yumruq kimi birləşdi və bu dəmir yumruq işğalçının başını əzdi.
– İkinci Vətən müharibəsi dönəmi bizimlə bölüşə biləcəyiniz hansı yadda qalan xatirəniz var?
– Hər gün, hər saat cəbhədən zəfər xəbərlərini eşidirdik və bu xəbərlərin hamısı yaddaşımızın əbədi xatirələridir. Amma ən böyük sevinc hissini Şuşanı almağımız xəbərini eşitdiyim anlarda yaşadım.
Dönməz Hüseyn