İlham Əliyev Azərbaycan-İtaliya münasibətlərinin uğurla inkişaf etdiyini bildirib
Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirib.
Qazet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti bunu İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonu qəbul edərkən deyib.
Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, özünün İtaliyaya son səfərini məmnunluqla qeyd edib.
Dövlətimizin başçısı İtaliya Respublikası Nazirlər Şurasının yeni Sədri Ciorcia Meloniyə təbrik məktubu göndərdiyini xatırlayaraq, yeni hökumətin formalaşmasından qısa müddət keçməsinə baxmayaraq, müdafiə naziri səviyyəsində ölkəmizə səfərin həyata keçirilməsinin əlaqələrimizin yaxşı göstəricisi olduğunu qeyd etdi və əminliyini bildirdi ki, yeni hökumətlə Azərbaycan arasında əməkdaşlıq uğurlu olacaq.