Bakı 9˚C Mostly cloudy

İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul etdi - YENİLƏNİB

Siyasət 14:02 05 okt, 2022
İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Ağdamda BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərifi qəbul edib.

Qazet.az xəbər verir ki, dövlətimizin başçısı BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu bildirdi. Bu ilin martında xanım Maimuna Mohd Şərifin Azərbaycana səfəri çərçivəsində keçirilmiş görüş zamanı müzakirə olunan məsələlərin reallaşdırılması istiqamətində əldə edilən irəliləyişləri müsbət qiymətləndirən Prezident İlham Əliyev Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd etdi.

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirdi və Milli Şəhərsalma Forumunun yüksək səviyyədə keçirilməsinə görə təbriklərini çatdırdı. Azərbaycanla Məskunlaşma Proqramı arasında əməkdaşlığın hərtərəfli qaydada inkişaf etdiyini vurğulayan Maimuna Mohd Şərif Prezident İlham Əliyevin Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasındakı çıxışını məmnunluqla xatırladı, UN-HABITAT-ın Nyu-Yorkda keçirilən toplantısında, həmçinin Katovitse dəki tədbirdə Azərbaycan nümayəndə heyətinin fəal iştirakını yüksək qiymətləndirdi. O, Azərbaycan hökumətinin UN-HABITAT-ın fəaliyyətinə verdiyi dəstəyə, o cümlədən könüllü maliyyə töhfəsinə görə dərin təşəkkürünü ifadə etdi.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı şəhərsalma və yenidənqurma fəaliyyəti həyata keçirdiyinə toxunan BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru həmin ərazilərdə görülən işlərin miqyasından və sürətindən heyranlığını ifadə etdi, qısa zaman ərzində ölkəmizin şəhərsalma sahəsində müasir yanaşmalar tətbiq edərək belə nailiyyətlər qazanmasını xüsusi vurğuladı. O, həmçinin UN-HABITAT-ın bu prosesdə Azərbaycana dəstək verməyə hazır olduğunu bildirdi və Azərbaycan üzrə hazırlanmış layihə sənədini dövlətimizin başçısının diqqətinə çatdırdı.

Prezident İlham Əliyev Azərbaycanın UN-HABITAT-la əməkdaşlığı bundan sonra da genişləndirəcəyini və Proqramın fəaliyyətinə dəstək göstərəcəyini bildirdi. Dövlətimizin başçısı Milli Şəhərsalma Forumunun ölkəmizdə illik əsasda keçiriləcəyini qeyd etdi.

Sonda qonaq Məskunlaşma üzrə ölkə proqramı sənədini - Azərbaycan Respublikasında BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq strategiyasını dövlətimizin başçısına təqdim etdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Ağdamda BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərifi qəbul edib.

Qazet.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.