İlin sonuna qədər Azərbaycanda “Türkovac”ın klinik sınaqlarına başlanacaq
Bununla bağlı yaxın zamanlarda açıqlama veriləcək
“Azərbaycanda “Türkovac”ın 3-cü sınaq mərhələsi ilə bağlı sənədlərə hazırda Səhiyyə Nazirliyinin Etik Komitəsi tərəfindən baxılır”.
Qazet.az xəbər verir ki, bunu APA-ya səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Nazir müavini qeyd edib ki, bununla bağlı yaxın zamanlarda açıqlama veriləcək:
“Klinik sınaqlara ilin sonuna qədər başlanılacaq. Sınaqlar iki tədqiqat üzrə həyata keçiriləcək.
“Türkovac”ın həm 1-ci, həm 2-ci, həm də 3-cü doza kimi vurulması nəzərdə tutulur.
Azərbaycanda da 3-cü sınaq mərhələsi Türkiyədəki kimi həyata keçiriləcək. Hazırda Türkiyədə sınaqlar davam edir. Eyni zamanda Azərbaycanda da sınağın aparılması planlaşdırılır. Sınaq mərhələsinin nə qədər davam edəcəyinə də Komitə tərəfindən baxılır. Bütün məsələlərə aydınlıq gətiriləcək”.
Qeyd edək ki, ötən gün Türk Sağlamlıq İnstitutları Başçılığının (TÜSEB) prezidenti Erhan Akdoğan “Türkovac”ın 3-cü sınaq mərhələsinin çalışmaları üçün Səhiyyə Nazirliyinin nümayəndələri ilə görüşüb. Görüşdə “Türkovac”ın Azərbaycanda həyata keçirilməsi planlaşdırılan klinik sınaqları barədə məlumat verilib. Həmçinin vaxtın planlaşdırılması da müzakirə olunub.