İmran Xan: “ABŞ-ın Əfqanıstanın valyuta ehtiyatlarını azad etməsinin vaxtı çatıb”
Pakistan İslam Respublikasının baş naziri Əfqanıstanın problemlərindən danışıb

“ABŞ-ın Əfqanıstanda bloklanmış 9 milyard dollarlıq valyuta ehtiyatını sərbəst buraxmasının vaxtı çatıb”.
Qazet.az xəbər verir ki, bu fikirləri Pakistan İslam Respublikasının baş naziri İmran xan deyib. O, İslamabadın Əfqanıstanda humanitar böhranın qarşısını almaq üçün əlindən gələni etdiyini vurğulayıb.
Pakistanın baş naziri İmran Xan “Cənubi Asiyada sülh və firavanlıq” mövzusunda konfransın açılışında beynəlxalq ictimaiyyəti Əfqanıstanda yaxınlaşan humanitar böhranın qarşısının alınmasına kömək etməyə çağırıb.
O, dünən İslamabadda Strateji Araşdırmalar İnstitutunda keçirilən görüşdə deyib ki, “Pakistan 40 milyon əfqana kömək etmək üçün əlindən gələni edir”.
Pakistanın baş naziri əlavə edib ki, “ABŞ-ın Əfqanıstanda bloklanmış 9 milyard dollarlıq valyuta ehtiyatını azad etməsi və Talibana Beynəlxalq Valyuta Fondunun (BVF) resurslarına çıxış imkanı verməsinin vaxtı çatıb”.
O, Əfqanıstanın valyuta ehtiyatlarının ABŞ tərəfindən blokadaya alınmasını ölkədəki iqtisadi və humanitar böhranın əsas səbəblərindən biri adlandırıb.
İmran Xan bildirib ki, Pakistan İƏT platforması vasitəsilə qida, sığınacaq və dərmana ciddi ehtiyacı olan əfqan xalqına kömək etməyə davam edəcək.
Pakistanın baş naziri əlavə edib ki, Əfqanıstanda sülh təkcə Pakistanın gələcəyi üçün deyil, həm də regional ticarət və kommunikasiyalara böyük marağı olan Mərkəzi Asiya ölkələri üçün həyati əhəmiyyət kəsb edir.