"İnformasiya müharibəsindəki nöqsanları mediadan daha çox dövlətin siyasəti ilə əlaqələndirə bilərik" - Rizvan Qənbərli
Prezidentin apardığı informasiya müharibəsi mütləq araşdırılmalı və dəyərləndirilməlidir
Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi.
Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq.
Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 5-ci gündür.
Azərbaycanın media mütəxəssisi Rizvan Qənbərli İkinci Qarabağ müharibəsi zamanı yaşananlar və aparılan informasiya müharibəsilə bağlı Qazet.az-a mühasibə verib.
– 44 günlük Vətən müharibəsi yaddaşınızda necə qalıb?
– Keçirtdiyim hisslər bütün vətəndaşlarımızın, xalqımızın keçirtdiyi hisslərdən fərqli olmadı. Təbii ki, həyəcan, bəzən əsəb, bəzən narahatlıq hissi olurdu. Amma ümumi bu hisslərin ortaq qürur hissi idi. Əməliyyatın ilk günündən etibarən Azərbaycan dövlətinin həm siyasi rəhbərinin, həm Ali Baş Komandanın, həm hərbi heyətinin və eyni zamanda da 7-dən 77-yə bütün uşaqdan-böyüyə hərkəsin ətrafında birləşdiyi bir amalın olduğunu gördük və bununla qürur duyduq. Yəni yaşadığım hiss tamamı ilə qürur hissi idi. Təbii ki, şəhidlərimizə üzüldük təəssüf etdik, kədərləndik. Onlar bizə bir ömür boyu ödəyib bitirə bilməyəcəyimiz borc yükləyərək ayrıldılar həyatdan. Amma 30 illik bir həsrətin bitməsi Azərbaycanın önünə üfüqlərdə yeni bir pəncərələr açdı.
– Sizin fikirinizcə, 44 günlük müharibədən sonra qazanılmş qələbə Azərbaycan xalqına nələri qazandırmış oldu?
– 44 günlük müharibənin Azərbaycana qazandırdığı siyasi, iqtisadi, geopolitik bir çox faktorlar var. Amma mənə elə gəlir ki, 44 günlük müharibənin Azərbaycana qazandırdığı ən böyük şey: bizim 30 ildir Qarabağın işğal problemi haqqında cəmiyyətimiz ilə əlaqəli düşündüyümüz fikirlərin, cəmiyyətdə yayğın olan fikirlərin nə qədər səhv olduğunu ortaya çıxartdı. Buradan da mənə elə gəlir ki, bizim Azərbaycan cəmiyyətinə, xalqına olan münasibətimizin bundan sonrakı dönəmlərdə dəyişməsinə gətirib çıxardacaq. Yəni Azərbaycan cəmiyyəti vətən sevgisinin nə demək olduğunu bəlkə 44 günlük müharibədən əvvəl ifadə edə bilmirdik və yaxud ifadə etdiyimiz zaman real həyatda onun qarşılığını tapmaqda çətinlik çəkirdik. Amma 44 gün bizə birliyimizi doya-doya yaşatdı və göstərdi. Mənə elə gəlir ki, bu bizim ən böyük qazanclarımızdandır. Təbii ki, hərbi, siyasi uğurlarımızda var.
– 44 gün ərzində ən çox yadınızda qalan hadisə hansı oldu?
– Biz müharibə zamanı hər kəs kimi əsgərlərimizə, cəbhə bölgəsinə dəstək olmaqdan ötrü yardımlar aparırdıq. Yəni orada əlimiz silah tutmurdu deyə biz narahat olurduq və necə bir fəaliyyət göstərə bilərik deyə düşünürdük. Bütün tədbirlərdə iştirak edirdik, mən o tədbirlərə könüllü şəkildə qoşulan inanılmaz dərəcədə imkansız, maddi cəhətdən belə çox az gəlirli qrupa aid elediyimiz insanların bizə necə dəstək olduğunu görəndə həqiqətən çox təsirlənmişdim.
– Bəli bu, Azərbaycan xalqının birliyindən irəli gəlir.
– Belə deyək ki, istər cəmiyyət tərəfindən, istər hərbi tərəfdən 44 günlük müharibə dövründə bu birliyə, ruh yüksəliyinə şahid oldum. Müharibədən sonra ilk həftə içərisində cəbhə bölgəsində döyüş bölgəsində olmuşam, orada bizim əsgərlərimiz və zabitlərimizlə görüşlərim olmayıb və o zamanlar həqiqətən çox təsirlənmişəm. Çoxu danışıla biləcək xatirələr deyil, amma çox təsirləndiyimi deyə bilərəm.
– 44 günlük Vətən müharibəsi zamanı həm ön cəbhədə mübarizə aparıldı, həm də arxa cəhbədə - informasiya mübarizəsi. Siz bir media araşdırmacısı olaraq informasiya müharibəsinin aparılmasını necə gördünüz? Bu 44 günlük müharibə zamanı Azərbaycan yerli mediada necə fəaliyyət göstərdi?
– Yəni mən informasiya müharibəsini medianın yox, hər zaman dövlətin aparmalı və dövlətin aparmasının vacib olduğu düşüncəsindəyəm. Yəni mən ayrı-ayrı jurnalistlərin, ya da ayrı-ayrı xəbər mediasının informasiya müharibəsində xüsusi bir missiya yerinə yetirə biləcəyini, bunu planlaşdıra biləcəyini və həyata keçirə biləcəyini düşünmürəm. Bunu dövlət və onun əlaqədar qurumları düşünür və həyata keçirərkən də təbii ki, media ilə əməkdaşlıq qurur. Bir sözlə, bildiyim budur ki, müharibə şəraitində belə olmalıdır. Ona görə informasiya müharibəsi baxımından uğurlarımız, və ya qüsurlarımız varsa, bunu mediadan daha çox dövlətin siyasəti ilə əlaqələndirə bilərik. Ümumi nəticə etibari ilə mən baxanda, Azərbaycanda informasiya müharibəsi baxımından, xüsusən də 44 günlük müharibə dövründəki kommunikasiya baxımından qüsurların olduğunu düşünürəm, amma adətən qalib tərəfin kommunikasiya səhvlərinin çox danışılmağı uyğun olmur, çünki buna ehtiyac qalmır. Kommunikasiya səhvləri daha çox məğlub ölkələrdə məğlubiyyətin səbəblərini və nəticələrini analiz edərkən işə yarayır. Amma bunu da qeyd edim ki, bizim kommunikasiya da buraxdığımız boşluqların böyük bir əksəriyyətini düzgün siyasiyyətlə dövlət başçısı Prezident İlham Əliyev tam bərpa etmiş oldu. Həm sosial media paylaşımları, həm xarici media ilə olan müsahibələri, həm də ölkə daxili media vasitəsilə ictimaiyyətə müraciətləri ilə yaranan boşluqları çox uğurla doldurdu. Mənim fikrimcə, bu araşdırılmağa, analiz edilməyə və həttda gələcək dönəmlər üçün dərs kimi öyrədilməyə çox yaxın bir nümunədir. Prezidentin apardığı informasiya müharibəsi mütləq araşdırılmalı və dəyərləndirilməlidir. Habelə ümumi kommunikasiya siyasətimizdə biz buna da şahid olduq: ayrı-ayrı vətəndaşların, insanların sosial şəbəkələrdə çox aktivləşib müxtəlif sosial platformalarda kampaniyalar təşkil edib, düzgün informasiya kütləsi formalaşdırdılar. Orada hərkəs könüllü şəkildə, ürəkdən iştirak elədilər. Ümumi baxdığımız zaman biz o imtahandan üzü ağ çıxdıq.
– Bəs qələbədən sonra bu qələbəni qazandıqdan sonra bu qələbimizin təbliğatı ilə bağlı istər dövlət qurumları olsun, istərsə də media tərəfindən olsun, hansısa bir işlər görülür, bu işlər sizi qane edəcək səviyyədədirmi?
– Məncə 44 günlük müharibə zamanı yaşadığımız təcrübə bizə çox şey qazandırdı. Bunun əsasında deyim ki, ölkə daxilində qələbənin təbliğatında yüksək işlər görülür və görülməyə davam edir.
Cəmiyyətin dialoq baxımından da bu mənada çox uğurlu mesajlar verildiyini düşünürəm, amma dünya ictimaiyyətinə verilən mesajların sistemləşdirilməsi və onların düzgün istiqamətdə çatdırılması baxımından mənə elə gəlir ki, hələ görülməsi gərəkən işlərimiz çoxdur. Bu işlər isə dediyim kimi kütləvi informasiya vasitələrinə ayrı-ayrı media qurumlarının öhdəliyinə buraxılmayacaq dərəcədə ciddi məsələlərdir. Bəzən ola bilər ki, pərakəndə şəkildə media qurumu burada uğurlu örnəklər ortaya qoya bilər, amma bu bizim xarici informasiya siyasətimizin tam yekun uğur qazanmasına gətirib çıxara bilməz. Çünki pərakəndə təşəbbüs kimi önəm qazanır, bunları daha çox dövlət siyasəti çərçivəsində sistemləşdirib həyata keçirilməsini doğru olduğunu düşünürəm. Müharibə dövründə müəyyən beynəlxalq media qurumlarının zaman-zaman qərəzli mövqe nümayiş etdirmələri ilə qarşılaşdıq. Ola bilər ki, biz qələbənin yaratdığı sevinc içərisində bu məsələnin çox ciddiyə almaya bilərik, amma Azərbaycanın xarici informasiya siyasətinin bəlkə də 44 günlük müharibə dövründən sonrakı dövr daha da çox ciddiyə almalı olduğumuz dönəmdir.
Dönməz Hüseyin