Bakı 6˚C Showers

İnsan amili canlı təbiətin tənəzzülünün ən başlıca səbəbidir – ARAŞDIRMA

Maraqlı 12:29 10 sen, 2020

50 ildən də az bir müddət ərzində Yerdəki heyvanlar aləminin populyasiyası üçdə ikidən çox aşağı düşüb.

İnsan amili canlı təbiətin tənəzzülünün ən başlıca səbəbidir – ARAŞDIRMA

Qazet.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat vəhşi təbiəti mühafizə fondu olan “World Wildlife Fund”un hesabatında yer alıb.

“Naturesuggests” jurnalında dərc olunan araşdırmada canlı təbiətin mühafizəsi üçün qida tullantılarının azaldılması və ətraf mühitə daha az təsiri olan qidaların istehlakı da daxil olmaqla, qida istehsal və istehlak tərzimizin dəyişməli olduğu qeyd edilib.

Hesabat təbiətin insanlar tərəfindən əvvəllər görünməmiş dərəcədə məhv edildiyi barədə xəbərdarlıq edir. WWF-nin icraçı direktoru Tanya Stiil meşələri yandırdığımız, balıqçılıq üçün dənizlərimizdən ifrat dərəcədə istifadə etdiyimiz və vəhşi təbiətin məskunlaşdığı əraziləri məhv etdiyimiz üçün canlı həyatın “sürətlə tənəzzül etdiyini” bildirib:

“Dünyamızı – ev adlandıra biləcəyimiz yeganə yeri məhv etməklə sağlamlığımızı, təhlükəsizliyimizi və Yerdəki həyatımızı riskə atırıq. Artıq təbiət bizə çarəsizcəsinə “SOS” mesajı göndərir və zamanımız daralır”, – deyə Stiil qeyd edib.

Rəqəmlər nəyi göstərir?

Hesabatda dünyanın müxtəlif yerlərində təbiəti mühafizə ekspertləri tərəfindən izlənilən minlərlə müxtəlif vəhşi heyvan növünün araşdırması yer alıb. 1970-ci ildən bəri məməlilər, quşlar, amfibiyalılar, sürünənlər və balıqların 20 mindən çox populyasiyasında orta hesabla 68% azalma qeydə alınıb.

Hesabatda deyilir ki, COVID-19 pandemiyası təbiətin və insanların necə bir-birinə bağlı olduğunu bir daha xatırladır. Pandemiyanın ortaya çıxmasına səbəb olduğu düşünülən amillər – yaşayış məskənlərinin məhv edilməsi, heyvanların istifadəsi və ticarəti vəhşi təbiətin tənəzzülünün arxasında dayanan bəzi amillərdir. 

Yeni modelləşdirmə dəlilləri təcili mühafizə tədbirləri görsək, qida istehsal və istehlak tərzimizi dəyişdirsək, heyvanlar aləminin itkilərini və meşələrin kəsilməsini dayandıra biləcəyimizi və hətta vəziyyəti müsbətə doğru dəyişdirə biləcəyimizi göstərir.

İngiltərəli televiziya aparıcısı və təbiətşünas Devid Attenbro bildirib ki, bunu etmək qida və enerji istehsalında, okeanlarımızın idarə edilməsində və müxtəlif sərvətlərdən istifadədə sistemli dəyişikliklər tələb edəcək.

“Ancaq hər şeydən əvvəl bu, baxış bucağımızı dəyişməyi tələb edəcək. Təbiəti “var olması xoş” bir şey kimi görməkdən vaz keçib dünyamızda balansı bərpa etmək üçün sahib olduğumuz ən böyük müttəfiqimiz olaraq görməliyik” – Attenbro qeyd edib.

Canlı təbiətin tənəzzülü daha çox tropik ərazilər üçün səciyyəvidir. Müxtəlif amillər səbəbilə Latın Amerikası və Karib dənizi hövzəsi faunasında 94% azalma müşahidə olunub.

Digər göstəricilər…

Canlı təbiətin yox olması barədə statistika Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (IUCN) tərəfindən tərtib edilib. Statistikaya əsasən, 100 mindən çox bitki və heyvan növünün araşdırılmasından sonra 32 mindən çox növün məhv olmaq təhlükəsi ilə üz-üzə olduğu məlum olub.

2019-cu ildə hökumətlərarası bir elmi heyət bir milyon növün (500 min heyvan və bitki və 500 min böcək) bir neçə on il ərzində yox olma təhlükəsi ilə üz-üzə olduğu ilə bağlı hesabat yayıb.

“World Wildlife Fund”un sözügedən hesabatı isə önümüzdəki il keçiriləcək irimiqyaslı sammit ərəfəsində son həftələrdə dərc olunmuş çox sayda hesabatdan sadəcə biridir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) isə dünyada təbiətin vəziyyəti ilə bağlı son qiymətləndirməsini gələn çərşənbə axşamı açıqlayacaq.