Bakı 22˚C Mostly sunny

İran Azərbaycanla sərhəddə hərbi texnikalar toplayır - "Xeybər fatehləri" təlimi başlayır

Gündəm 14:21 30 sen, 2021

Sərhədə böyük miqdarda hərbi vasitələr daşınır

İran Azərbaycanla sərhəddə hərbi texnikalar toplayır - <span style="color:red">"Xeybər fatehləri" təlimi başlayır</span>

Rəsmi Tehran Azərbaycanın İranla ortaq sərhədləri yaxınlığındakı İran hərbi təlimləri ilə bağlı narahatlığına “təlimlər sadəcə suverenliyimizlə əlaqəlidir” deyə cavab verib.

Qazet.az xəbər verir ki, bu barədə İsrail mətbuatı xəbər yayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə nazirliyin internet saytında verdiyi açıqlamada, "Ölkəmizin şimal-qərb sərhəd bölgələrində keçirdiyi təlimlər suverenlik məsələsidir, İran milli təhlükəsizliyi üçün lazım olan bütün tədbirləri görəcək, sərhədlərimiz yaxınlığında sionist rejimin mövcudluğuna dözməyəcək" deyə vurğulayıb. İsrail mətbuatı isə bu sözlərin Azərbaycanın İsrail ilə münasibətlərinə işarə olduğunu bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev İranın təlimlərini tənqid edərək onları "çox təəccüblü bir hadisə" olaraq adlandırmışdı.

“Hər bir ölkə öz ərazisində istənilən hərbi təlim keçirə bilər. Bu onların suveren hüququdur. Bəs niyə indi və niyə sərhədimizdə?” Bu barədə İlham Əliyev bazar ertəsi Türkiyənin Anadolu agentliyinə verdiyi müsahibəsində danışıb.

Bir sıra sosial şəbəkələrdə isə İranın Azərbaycanla sərhəddə hərbi texnikalar topladığı aydın olub.

İranın keçirdiyi təlimlər “Xeybər fatehləri” adlanır. Qeyd edək ki, tarixdə “Xeybər döyüşü” Məhəmməd peyğəmbərin yəhudilərə qarşı olan savaşıdır.

 


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.