İran BMT-də səsvermə hüququnu bərpa etdi
BMT-də səsvermə hüququ bazar ertəsindən etibarən İrana qaytarılacaq

Tehran Cənubi Koreya banklarında dondurulmuş aktivlərdən istifadə edərək təşkilata töhfələr üzrə borcunu ödəməklə BMT-də səsvermə hüququnu bərpa edib.
Qazet.az xəbər verir ki, bu barədə ISNA agentliyi İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançiyə istinadən məlumat yayıb.
BMT-də səsvermə hüququ bazar ertəsindən etibarən İrana qaytarılacaq.
"Bloomberg" həmçinin Cənubi Koreyanın İranın 18 milyon dollarlıq borcunu ABŞ-ın tələbi ilə bloklanan aktivlər hesabına ödədiyini bildirib. Ödəniş Amerika tərəfinin vasitəçiliyi ilə cümə günü həyata keçirilib.
"Cənubi Koreya hökuməti ABŞ-ın Maliyyə Nazirliyi və BMT Katibliyi kimi müvafiq təşkilatlarla fəal əməkdaşlıq edərək, İranın BMT-yə 18 milyon dollar məbləğində töhfəsinin ödənilməsini başa çatdırıb" - deyə Cənubi Koreyanın Planlaşdırma və Maliyyə Nazirliyinin saytında yer alıb.
Məlumata görə, İran hökuməti yanvarın 13-də Cənubi Koreya rəhbərliyindən borc ucbatından Baş Assambleyada səsvermə hüququnu itirməmək üçün dondurulmuş aktivlərdən İslam Respublikasının BMT-yə borcunui ödəməyi istəyib. Yanvarın 12-də Venesuela, İran, Sudan və bir sıra digər ölkələrin nümayəndə heyətləri borclarına görə BMT Baş Assambleyasında səsvermə hüququnu müvəqqəti olaraq itirib. Təşkilatın baş katibi Antonio Quterreşin Baş Assambleyanın 76-cı sessiyasının sədri Abdulla Şahidə ünvanladığı məktubun mətnində borcu olan 11 dövlət yer alıb.