Bakı 2˚C Windy

İran iddianı inkar etdi - “Aramızı vurmağa çalışırlar"

Cəmiyyət 17:11 24 iyn, 2022

Nazirliyin açıqlamasında iddia “gülünc” adlandırılıb və bu söz-söhbətin məqsədinin Türkiyə-İran münasibətlərinə xələl gətirmək olduğu bildirilib

İran iddianı inkar etdi - “Aramızı vurmağa çalışırlar"

İran Xarici İşlər Nazirliyi İsrailin İstanbulda israilli turistlərinə qarşı terror aktlarının qarşısının alınması ilə bağlı ittihamlarını inkar edib.

Qazet.az xəbər verir ki, nazirliyin açıqlamasında iddia “gülünc” adlandırılıb və bu söz-söhbətin məqsədinin Türkiyə-İran münasibətlərinə xələl gətirmək olduğu bildirilib.

“İsrail xarici işlər nazirinin Ankarada türkiyəli həmkarı ilə birgə mətbuat konfransında səsləndirdiyi əsassız ittihamlar və iddialar gülüncdür. Bu, iki müsəlman ölkəsi arasında münasibətləri pozmağa yönəlmiş əvvəlcədən hazırlanmış ssenaridir. İslam Respublikası həmişə sionist rejimin sui-qəsd və təxribatlarına cavab verəcək, amma heç vaxt sadə vətəndaşların və digər ölkələrin təhlükəsizliyini təhdid etməyəcək”, - açıqlamada deyilib.

Qeyd edək ki, bundan əvvəl İsrailin xüsusi xidmət orqanı MOSSAD-dan kəşfiyyat məlumatı alan Milli Kəşfiyyat Təşkilatı (MİT) İranın Türkiyədə israilli turistləri qaçırma planının qarşısını alıb. Bu çərçivədə İstanbulda həyata keçirilən əməliyyatda planda yer alan çox sayda şəxs saxlanılıb.

İrandakı dini rejim mayın 22-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli hərbçilərindən biri polkovnik Həsən Səyyad Xudayinin öldürülməsindən sonra qisas alacağını vəd edib. Hücumdan sonra İran baş verənlərə görə İsraili günahlandırıb.