İran və Fransa diplomatlarının görüşü olub
İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqeri Filip Avrora ilə geniş, açıq-aşkar, ciddi və konstruktiv dialoqun olduğunu vurğulayıb.
İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqeri bir neçə Avropa ölkəsinə səfəri çərçivəsində ilk olaraq Fransada görüşlərə başlayıb.
Qazet.az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, Əli Baqeri Parisdə Fransa xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Filip Avrora ilə görüşüb.
Əli Baqeri bildirib ki, yeni ildən, 2022-ci ilin ilk 6 ayı ərzində Fransa Avropa İttifaqına rəhbərlik edəcək və təbii ki, yaradıcı bir rola malik ola bilər.
“Bu sahədə həm İranla Fransa arasında əlaqələrin yüksəldilməsi, həm regional məsələlərin müzakirəsində, həm də Vyanada keçiriləcək 5+1 formatındakı danışıqlarda Fransanın yaradıcı rolunun nümayişi üçün çox münasib imkan yaranıb. Düşünürəm ki, Fransa 5+1 danışıqlarında daha ciddi rol oynamaq istəyir” deyə o, əlavə edib.
Qeyd edək ki, İran rəsmisinin Berlin, London və Madridə də səfəri gözlənilir.