İran xəyanətinin Şuşadakı izləri... – Politoloq
İran xəyanətinin Şuşadakı izləri
Möhtəşəm Şuşamıza səfər etməyimizə yardım göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə xüsusilə təşəkkür edirəm. Belə bir deyim var, “Vətənə gəldim, imana gəldim”. Şuşaya gedərkən təxminən buna bənzər hisslər yaşayırsan. Buranın o qədər gözəl, saf oksigenli havası var ki, insan geri qayıtmaq istəmir. Səfər çox məzmunlu təşkil edilmişdi. Biz Şuşanın bütün tarixi yerlərində olduq. Xan qızı Natəvan bulağını, İsa bulağını, Yuxarı Gövhər Ağa məscidini, böyük sənətkar Bülbülün ev muzeyini, “Güllələnmiş heykəllər”i ziyarət etdik. Sonda Cıdır düzündən Şuşanı seyr elədik. Şuşa möhtəşəm ərazidə yerləşir, duman bir qədər mane olsa da, orda açılan mənzərəyə adam heyran qalırdı.
Qazet.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Şuşa səfəri haqda danışarkən deyib.
“Cıdır düzündə olarkən əsgərlərimizin, döyüşçülərimizin Şuşanın alınmasında göstərdiyi şücaətə heyrət etdim. Belində ağır yüklə sıldırım qayalara dırmaşan, Şuşaya daxil olub erməni işğalçılarını məhv edən Azərbaycanın Müzəffər Ordusunun qələbəsinə heyran qalmamaq mümkün deyil. Azərbaycan əsgərində olan potensial, güc, iradə nə qədər böyük imiş!
Şuşa hazırda böyük tikinti meydançasıdır. Soyuq havada, çiskin və duman altında Şuşanı bərpa edən insanların fəaliyyətləri də bir qəhrəmanlıqdır. Şuşaya möhtəşəm yol – Zəfər yolu çəkilib, iri diametrli boru kəmərlərilə su çəkilir, yeraltı kommunikasiya xətləri inşa edilir, telefon rabitəsi artıq bərpa edilib. Şuşada yeni məhəllələrin salınması prosesi gedir”, - politoloq bildirib.
Q.Hüseynli İranın Şuşada da öz xəyanətini göstərdiyini vurğulayıb:
“Onlar Gövhər Ağa məscidində müəyyən dəyişikliklər edib, oranı fars məscidi adlandırmaq istəyirlərmiş. Məscidin üzərinə ərəb dilində yazılmış bəzi fikirləri pozaraq İrana aid ifadələr işləmək istəyiblər. Amma bizim bərpaçılar hər şeyi qaydasına salacaq, saxta izləri itirəcəklər. Tarixi abidələrlə zəngin olan Şuşanın banisi Pənahəli xanın evini dağıdıblar. Bəlkə də bu abidələr bərpa olunacaq, bəlkə də Şuşanın dağıdılmış abidələri şəklində saxlanılıb gələcək nəsillərə ermənilərin bu bölgədəki vandallığı nümayiş etdiriləcək... Şuşada sadəcə bir məqam könül bulandırır ki, Xankəndiyə gedən istiqamətdə Azərbaycan əsgəri ilə rus sülhməramlıları cəmi 5-7 metrlik məsafədə göz-gözə dayanıblar. Amma Şuşa bütövlüklə Azərbaycanındır. Azaddır. Şuşa bu gün Azərbaycanın qibləgahına çevrilib. Şuşa nəinki Azərbaycanın, bəlkə də türk dünyasının mədəniyyət paytaxtına, turizm cənnətinə çevriləcək”.