Bakı 5˚C Showers

İranda etiraz aksiyaları davam edir

Gündəm 15:15 06 yan, 2023
İranda etiraz aksiyaları davam edir

İranın Buşehr, Əlburz, Rəşt, İlam, Tehran, Məşhəd və bir sıra şəhərlərində etiraz aksiyaları davam edir.

Qazet.az  xəbər verir ki, etirazlarda “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!” və digər şüarlar səsləndirilir.

İranın insan haqları təşkilatlarının verdiyi məlumata görə, ölkədə davam edən 110 günlük etiraz aksiyaları zamanı 73 jurnalist həbs edilib. Həbs edilən media işçilərinin 38-i jurnalist, 25-i əyalət müxbirləri və 10 nəfəri isə fotojurnalistlərdir. Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən "Şərq" qəzetinin əməkdaşlarının da adı var.

Tehran əyalətinin Hemmət prospektində etirazçılar Qasim Süleymaninin banerini yandırıblar. Pars bölgəsində isə etirazçılar Bəsic qüvvələrinin bazasını yandırıblar.

Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində təhlükəsizlik qüvvələrinin əməkdaşları milli fəal Əli Şadini həbs edərək naməlum yerə aparıblar.

Buşehr əyalətində etirazçılar cümə imamının qərargahına çox sayda “Molotov kokteyli” atıblar.

Əlburz əyalətinin Koçuyi şəhərinin həbsxanasında aclıq keçirən 15 məhbusdan bəzilərinin ailələri həbsxana qarşısında etiraz aksiyası keçiriblər.

Fars əyalətinin Mərvdəşt şəhərində və Mazandaran əyalətində rejimə etiraz məqsədilə Qasim Süleymaninin baneri dağıdılıb. Eyni zamanda, Kirman əyalətində etirazçılar Q.Süleymaninin banerinə qan simvolu qırmızı boya atıblar. Yəzd əyalətinin Yəzd şəhərində etirazçılar Q.Süleymaninin banerin yandırıblar.

Bundan başqa, İlam əyalətinin Çuvar şəhərində yerləşən neft-kimya şirkətinin işçiləri etiraz aksiyası keçirib.

İsfahan əyalətində İran hökuməti etirazları yatırmaq üçün Səmirom şəhərinə ağır texnika və canlı qüvvə yeridib.

Kirmanşah əyaləti Cavanrud şəhərində təhlükəsizlik qüvvələrinin əməkdaşları gənc idmançı Aso (Sivan) Yari naməlum yerə aparıblar. Həmçinin 15 yaşlı şagird Zana Səhragerd hökumət qüvvələrinin onun valideynlərinin evinə hücumu nəticəsində həbs edilərək naməlum yerə aparılıb.

Novşəhrdə keçirilən ümummilli etirazlar zamanı həbs edilən 18 yaşlı gənc Arşiya Təkdəstan "korrupsiya" və "müharibə" ittihamları ilə İnqilab Məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilib.