İrandan narkotik keçirilməsinin qarşısı alındı
Dekabr ayının 29-da saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Perimbel kəndi, saat 14:30-da isə Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavalarının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Bu barədə Qazet.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları hər iki halda odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaratmışlar. “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı xəbərdarlıq məqsədilə silahdan istifadə etmişdir. Sərhəd pozucuları üzərindəki bağlamaları ataraq geriyə, İran ərazisinə qaçmağa müvəffəq olublar.
Hər iki istiqamət üzrə keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində ümumi çəkisi 170 kiloqram 106 qram narkotik vasitə (20 kq 158 qr “heroin”, 142 kq 131 qr “marixuana”, 4 kq 792 qr “metamfetamin”, 3 kq 025 qr “tiryək” və 81228 ədəd “metadon M-40” həbləri) aşkar olunaraq götürülüb.
Baş vermiş silahlı insidentlərlə əlaqədar İran İslam Respublikasının sərhəd mühafizə orqanlarının nümayəndələri ilə görüş keçirilmiş və məlumat mübadiləsi aparılıb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.