Bakı 0˚C Windy

İranın Azərbaycana qarşı düşmən mövqeyində əsas meyar: 39 il ərzində...

Xəbərlər 16:02 04 dek, 2022
İranın Azərbaycana qarşı düşmən mövqeyində əsas meyar: 39 il ərzində...

"İranın Azərbaycana qarşı düşmən mövqeyində əsas meyar, Ermənistanla olan münasibətidir. Bu da bizim üçün Tehranın Azərbaycana olan münasibətini yansıdan bir güzgüdür. Bu dövlət 39 il ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması üçün əlindən gələni etdi. Həm hərbi silah və sursatın, həm hərbi texniki vasitələrin, həm də ərzaq və digər məhsulların ötürülməsində xüsusi fəallıq göstərdi. Üstəlik, bu ölkədə qeydiyyatdan keçmiş 80-dən çox İran şirkəti Qarabağın talan olunmasında, inzibati və yaşayış binalarının dağıdılmasında fəal iştirak etdi".

Qazet.az xəbər verir ki, bu fikirləri Publika.az-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.

Ekspert bildirib ki, rəsmi Tehranın son yaramaz hərəkəti kimi, bir neçə il əvvəl Nikol Paşiyanın İranda Ararat klubunda "Qarabağ Ermənistandır!" deməsinə şərait yaratmasını misal göstərmək olar.

Bir müddət əvvəl prezident İlham Əliyevin İranın bizə qarşı mövqeyi ilə bağlı bəzi fikirlər səsləndirdiyini xatırladan S.Soltan bildirib ki, artıq rəsmi Bakının xarici siyasət kursunda dünya azərbaycanlılarının milli hüquqlarının təmin olunması prioritet istiqamətlərdən birinə çevrilib:

 

"Bu, yaxın perspektivdə İran-Azərbaycan münasibətlərində müzakirə olunacaq məsələyə çevrilib. Rəsmi Bakı Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunmasını İrandan tələb edəcək. Çünki, onlar İranda assimilyasiya məruz qalıb ki, bu da süni şəkildə həyata keçirilir. Əslində bu, güney azərbaycanlılarının milli-mənəvi soyqırımıdır. Bu da beynəlxalq hüquqda cinayət sayılır. Azərbaycan hakimiyyəti və cəmiyyəti İranın bu cinayətinin qarşısını almağa çalışır və bununla bağlı beynəlxalq ictimaiyyəti diqqətli olmağa dəvət edir".

 

İranda hakimiyyətin prezident deyil, ali dini rəhbər tərəfindən idarə edildiyini vurğulayan müsahibimizin sözlərinə görə, prezidentlər hər hansı məsələdə mövqe nümayiş etdirməkdə çətinlik çəkirlər:

 

"Həm Hatəmi, həm də Həsən Ruhani az da olsa, islahatçı xəttin nümayəndələri kimi tanınırdılar. Onların da dövründə, yeni 2009 və 2019-cu illərdə etiraz aksiyaları baş verirdi, amma bu gün tam fərqli dövrdür. İndiki prezident İbrahim Rəisi iradəcə zəif olduğu üçün hökumətə və ali dini rəhbərə regionda baş verən yeni hadisələrlə bağlı təkliflər hazırlaya və yaxud xarici siyasətdə yeni reallığın yarandığını açıqlaya bilmir, zəiflik göstərir və yenilik etməkdə çətinlik çəkir".

 

İranın Azərbaycana qarşı tutumuna gəlincə, ekspert bunu təkcə Rəisinin deyil, bütövlükdə hakimiyyətin və ali dini liderin mövqeyi kimin dəyərləndirib:

 

"Rəisi hətta Azərbaycanla münasibətləri bərpa etmək üçün təşəbbüskarlıq göstərmək iqtidarında deyil və ali dini rəhbərlər birlikdə hərəkət etməyə məcbur qalır. Ümumiyyətlə, bu ölkədə hakimiyyət yeni dövrə və şəraitə hazır deyil. İstər daxildə, istərsə də Cənubi Qafqazda baş verən yeni situasiyalarla bağlı yenilikçi proqramları yoxdur".