Bakı 20˚C Sunny

İranın Azərbaycanla Türkiyənin təliminə etiraz haqqı yoxdur - Politoloq

Eksklüziv 15:43 14 sen, 2021

Politoloq İranın Azərbaycanla bağlı bəyanatını şərh edib

İranın Azərbaycanla Türkiyənin təliminə etiraz haqqı yoxdur - Politoloq

İran Xəzər dənizində Azərbaycanın hərbi təlimlər keçirməsinə etiraz edib. İran Azərbaycanda keçirilən təlimlərin Aktau sazişinə zidd olduğunu bəyan edib.

Bu etirazdan sonra İranının Azərbaycandakı səfiriylə Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşüb. Bu görüşdən sonra səfir Tehranın rəsmi Bakı ilə münasibətləri yaxşılaşdırmaq istədiyini bildirib.

Son aylarda Qarabağda ermənilər yaşayan ərazilərə dayanmadan İran seriyalı yük maşınları daşınmalar həyata keçirir. Buna görə Azərbaycan rəsmilərinin etirazları qulaq ardına vurulur. İran tərəfi törətdiyi qanunsuzluqlarla bağlı suallara hələ də cavab verə bilmir.
Qazet.az İranın etirazı və səfirlə görüşdən sonra olacaqlarla bağlı politoloq Sədrəddin Soltanın fikirlərini alıb.

Politoloq İranın etirazının ara qatmaq üçün oyun olduğunu bildirib:  “İran yük maşınlarının qanunsuz fəaliyyətinə etiraz olunmasına baxmayaraq, bu davranış dəfələrlə təkrar olunur. Hesab edirəm ki, İran Azərbaycanın etirazlarına cavab olaraq özünə bəraət qazandırmaq üçün bu təlimlərlə bağlı bəyanatı səsləndirib”.

İranın səssizliyini izah edən politoloq, bunun acizlik olduğunu düşünür.

“İran heç bir halda açıqlama verə bilmir ki, niyə Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə İran vətəndaşları və yük maşınları var? Tehran hələ də bu suala cavab verə bilmir. Onlar məhz bu məsələnin qarşısında aciz qaldıqları üçün çalışırlar vəziyyəti qarışdırsınlar”,  deyə Sədrəddin Soltan açıqlamasında bildirib.

Politoloq təlim keçirilən ərazinin Azərbaycanın ərazisinə daxil olduğu üçün İranın etirazının səbəbsiz olduğunu düşünür: “İran özü də Xəzərdə hərbi təlimlər keçir. Bundan başqa, Rusiya da təlimlər keçir. Bəs onda İran nədən Rusiyaya Xəzər dənizində təlimlər keçirməsinə etiraz etmir. Çünki hər bir ölkənin öz suverenliyi var və öz sərhədləri daxilində istənilən hərbi təlimlərin keçirilməsi qonşu ölkələri narahat etməməlidir. Əgər bunu İran özünə təhlükə hesab edirsə, Rusiyanın Xəzər dənizindən raketlə Suriyanı vurmasına etiraz bildirərdi. Bir sözlə, Azərbaycanın bu təlimləri keçirməyə hüququ var və buna heç bir ölkənin etirazı düzgün deyil”.

İranın qeyd edilən bəyanatından sonra Hikmət Hacıyev İran səfiri ilə görüş keçirib.

“Hikmət Hacıyevlə görüşdən sonra İran səfiri Seyid Abbas Musəvinin verdiyi açıqlama təkrarçılıqdır. Bu görüş Azərbaycan Prezidentinin İrana “etdiklərinizi bilirik” mesajını verməkdir. Səfirin açıqlaması hər dəfəki bəyanatlardan biridir. Onlar heç bir halda etdikləri yalnışlığa açıqlama gətirə bilmirlər və bundan yaxa qurtarmaq üçün standart ifadədən istifadə edirlər: “Biz qonşu ölkələrlə münasibətimizi sıx saxlamaq istəyirik və buna çalışırıq”.

Heç bir ölkə qonşularıyla pis münasibətdə olmaq istəməz. Politoloq səfirin ifadəsini yanlış hərəkətdən boyun qaçırmaq olduğunu düşünür. “İran hələ də onlara verilən “İran vətəndaşları və yük maşınları Azərbaycan torpağında nə iş görür?” sualına cavab verə bilmir. Bu ifadə isə onlara tək qaçış yolu kimi görünür”.

Sədrəddin Soltan Hikmət Hacıyevlə İran səfirinin görüşündə hazırkı vəziyyətin müzakirə olunduğunu düşünür.

“İran yük maşınlarının Azərbaycan torpağında olması və buna qarşılıq olaraq İranın Xəzər dəniziylə bağlı etirazı müzakirə edilib. Artıq bu müzakirədən sonra İranın özünə hansı yolu seçəcəyi gözlənilir. Azərbaycan əlbəttə istəyir ki, İranla münasibətləri yüksək səviyyədə olsun, amma bu İranın edəcəklərindən asılıdır”, deyə politoloq fikrini tamamlayıb.

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.